Müstəqilliyin Bərpası Günü

  18 oktyabr Azərbaycan xalqının tarixinə şərəf, qürur və iftixar hissilə yazılmış müqəddəs bir gündür. Həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan etdi.

  1991-ci il oktyabrın 18-də hakimiyyətdə olan iqtidar partiyası – Azərbaycan Xalq Cəbhəsinin qəbul etdiyi Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına (02.03.1992) üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir.

  Bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb.