2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Qələbənin balanğıc tarixi kimi xatırlanacaq. Rəşadətli Azərbyacan Ordusu 44 gün davam edən Vətən müharibəsində əsl şücaət göstərərək 30 il erməni əsarətində qalan torpaqlarımızı düşməndən azad etdi. Doğrudur, bu yolda itkilərimiz də oldu. Ürəyində Vətən sevgisi ilə düşmənin üstünə şığıyan yüzlərlə igid Azərbaycan oğlu bu yolda şəhidlik zirvəsinə ucaldı. Adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran şəhidlər arasında Yüksəl Əlizadə də var idi. O, söhbət düşəndə öz adını yaddaqalan hesab etdiyini bildirir, sanki günün birində şəhid olacağını söyləyirdi. Belə də oldu. Yükəl Əlizadə 1996-cı ilin iyunun 5-də dünyaya gəlmişdi. Ailədə 3 qardaş idilər. Yüksəl evin ən kiçik oğlu idi. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdi. Əvvəlcə Gəncə İnzibati-iqtisad məhkəməsində, son olaraq isə Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis kimi çalışırdı. Vətən müharibəsi başlayanda könüllü olaraq səfərbərlik xidmətinə müraciət edərək orduya yazıldı. Xidmətdən ona zəng gələndə sevinə-sevinə Azərbaycan Ordusunun sıralarında cəbhəyə yollandı. Döyüşlərdə dəfələrlə yaralı yoldaşlarını kürəyində daşıyaraq həyatlarını xilas etdi. Sonuncu döyüşü Xocavənd istiqamətində oldu. Lakin bu döyüşlərdə 19 güllə yarası alaraq şəhid oldu. Ailəsi 11 gün ondan xəbər ala bilmədi. 19 noyabrda Yüksəlin nəşi döyüş bölgəsindən çıxarılaraq ailəsinə təhvil verildi. Noyabrın 20-də igid Azərbaycan oğlu Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılır. Qeyd edək ki, şəhid Yüksəl Əlizadənin anası Sevda Kazımova Gəncə Dövlət Universitetində Xarici dillər fakültəsində İngilis dilinin Leksika və ölkəşünaslıq kafedrasının müdiri vəzifəsində çalışır. Noyabrın 19-da Universitetin rektoru, professor Yusif Yusibov, Millət vəkili, Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, professor-müəllim heyəti, tələbələr Şəhidlər Xiyabanında olmuş, şəhid Yüksəl Əlizadənin anım günündə onu yad etmiş, ruhuna dualar oxumuşlar. Allah rəhmət eləsin!