FAKÜLTƏMİZİN QÜRURU: GDU-NUN ƏN GƏNC İQTİSADÇI ALİMİ

Xədicə Fizuli qızı Məmmədova – 1986-cı ildə Gəncə şəhərində anadan olub. İsmət Qayıbov adına 1 saylı orta məktəbin rus bölməsini bitirib, Azərbaycan Texnologiya Universitetinə qəbul olub, iqtisadiyyat üzrə təhsil alaraq Fəqlənmə Diplomu ilə bitirib. Daha sonra həmin universitetin magistratura pilləsinə qəbul olub və Fərqlənmə Diplomu ilə bitirərək, təhsilini davam etdirmək üçün doktoranturaya qəbul olub. 2017-ci ildə müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru, 2021-ci ildə dosent, 2026-cı ildə 5312.01-“Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ildən Gəncə Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasında çalışır, hazırda həmin kafedranın dosentidir. Xədicə Məmmədova 60-dan çox elmi əsərlərin – 4 dərs vəsaitinin, 4 dərsliyin, 2 monoqrafiyanın, 14 scopus bazasına daxil olan elmi məqalənin və konfrans materiallarının müəllifidir. Fakültəmizin gənc və perspektivli müəlliməsi elmi fəaliyyətində qazandığı mühüm nailiyyətlə ölkənin ən gənc iqtisadçı alimləri sırasına daxil olmuşdur. Gərgin zəhmət, elmi araşdırmalara sədaqət və davamlı inkişafın nəticəsi olan bu uğur həm fakültəmiz, həm də akademik ictimaiyyət üçün qürurvericidir. Müəlliməmiz elmi fəaliyyəti ilə yanaşı, tələbələrin bilik və bacarıqlarının formalaşmasında, iqtisadi düşüncənin inkişafında mühüm rol oynayır. Onun əldə etdiyi bu yüksək nəticə gənc tədqiqatçılar üçün nümunə olmaqla yanaşı, təhsildə keyfiyyətin və elmi potensialın göstəricisidir. Hörmətli müəlliməmizi bu əlamətdar nailiyyət münasibətilə səmimi qəlbdən təbrik edir, elmi və pedaqoji fəaliyyətində yeni uğurlar, davamlı inkişaf və sağlam gələcək arzulayırıq.