TEC-də seçki həyəcanı: Fakültə Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçildi

Fakültəmizdə Tələbə Elmi Cəmiyyətinin (TEC) yeni sədrinin müəyyən edilməsi məqsədilə geniş tərkibli iclas keçirilib.

İclasda Elm və innovasiyalar üzrə prorektor tarix elmləri namizədi, dosent Pərvin Kərimzadə, Universitet üzrə TEC sədri Lalə Ələkbərova, fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, Tədris işləri üzrə dekan müavini Mustafa Cəfərov İdarəetmə kafedrasının müəllimi Könül Quliyeva, İqtisadiyyat kafedrasının müəllimi Emiliya Əsgərova, TGT fakültə sədri Nuray Əkbərova, THİK fakültə sədri Qəlbinur Yusifli, qrup nümayəndələri və fakültə tələbələri iştirak ediblər. Tədbirin əsas gündəliyi TEC-in fəaliyyətinin daha da canlandırılması və yeni rəhbərliyin seçilməsindən ibarət olub.

Sədrlik uğrunda iki namizəd – “Turizm işinin təşkili” ixtisasının II kurs tələbəsi Güləsər Musayeva və “İqtisadiyyat” ixtisasının II kurs tələbəsi Rəhman Abdullayev – öz platformaları və gələcək layihələri ilə çıxış edərək rəqabət aparıblar. Hər iki namizədin təqdimatı dinlənildikdən sonra seçki prosesinə start verilib.

Gərgin və maraqlı keçən müzakirələrin sonunda demokratik səsvermə yolu ilə sədrlik postuna ən çox səs toplayan namizəd – Güləsər Musayeva seçilib. Qeyd edək ki, Tələbə Elmi Cəmiyyətinin əvvəlki sədri, IV kurs tələbəsi Tellan Zeynalova universiteti bitirdiyi və məzun olduğu üçün öz səlahiyyətlərini yeni seçilmiş həmkarına təhvil verib. İclasda çıxış edənlər, onun rəhbərliyi dövründə fakültənin elmi həyatında göstərdiyi aktivlik və qazanılan uğurları xüsusi vurğulayıblar.

İclasın sonunda çıxış edənlər yeni sədri təbrik edərək, ona fakültənin elmi həyatında, tələbələrin tədqiqat işlərinə cəlb olunmasında və gələcək fəaliyyətində uğurlar arzulayıblar.