Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş tədbir keçirilib.

Fakültəmizdə Ümumdünya şəhərsalma forumunun on üçüncü (WUF 13) sessiyasına həsr olunmuş konfrans keçirilib.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “WUF 13– regionda sülh,bərpa və inkişafın təcəssümü” mövzusunda çıxış edərək bildirib ki, WUF13-ün Bakıda keçirilməsi ölkəmizin urbanizasiya proseslərinə sistemli yanaşmasının, ekoloji davamlılıq və sosial inklüzivlik prinsiplərinə əsaslanan şəhərsalma siyasətinin beynəlxalq müzakirə predmetinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prorektor onu da vurğulayıb ki,  Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. 44 günlük Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və digər partlayıcı sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülmüşdür.

Tədbirdə fakültə dekanı, dosent Məsim Abadov “Böyük Qayıdış” prosesi şəhərsalma ilə miqrasiya siyasətinin bariz nümunəsidir”, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Zakir Əhmədov “İşğaldan azad olan ərazilər şəhərsalma və memarlıq abidəsi kimi”, “İdarəetmə” kafedrasının müdiri, dosent Afəddin Həmidov “Şəhərsalma və memarlıq ilinin sosial rifahın yüksəldilməsində rolu”, “Azərbaycan tarixi” kafedrasının dosenti İlham Məmmədov “Qədim və müasir dövrdə Azərbaycanda şəhərlərin formalaşması”, “İqtisadiyyat” kafedrasının baş müəllimi Nərmin Həsənova “WUF 13: Dayanıqlı şəhərlər-iqtisadi inkişafın strateji dayağıdır”, “İdarəetmə” kafedrasının müəllimi Gülüstan Fərəcova “Sosial-iqtisadi inkişafın yeni mərhələsi, Urbanizasiya və investisiya imkanlarının genişlənməsi”, “Menecment və turizm işinin təşkili” kafedrasının müəllimi Səfurə Hüseynova Gəncə 2040: Turizmin inkişaf strategiyası və şəhərsalma”  mövzularında çıxış ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan son illərdə “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını milli inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən edib. Xüsusilə, azad edilmiş ərazilərdə – Şuşa, Füzuli, Ağdam, Cəbrayıl və digər şəhər və rayonlarda həyata keçirilən layihələr bu sahədə region üçün nümunəvi model yaradır.