Göy üzündən qəlblərə köçən işıq – Hökümə Əliyeva Muzeyindən reportaj

Göy üzündə sönən, lakin yaddaşlarda əbədi yanan bir çıraq…

Bəzi insanlar var ki, fiziki yoxluqları ilə belə, ətraflarına işıq saçmağa, yol göstərməyə davam edirlər. Taleyin amansız hökmü – o məşum təyyarə qəzası Hökümə Əliyevanı və onunla bərabər neçə-neçə parlaq simanı aramızdan alsa da, onun irsi hələ də yaşayır. “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Menecment və turizm işi” kafedrasının müəllimi Günel Məmmədli və “Turizm işinin təşkili” ixtisasının III kurs tələbəsi Tahirə Cabbarovanın əməkdaşlığı nəticəsində fakültənin “Menecment və turizm işi” kafedrasının  İqtisad elmləri doktoru, professor əvəzi Arzu Nəcəf oğlu Həsənov, müəllimləri Azər Tağıyev,  Nərmin Həsənova, Səfurə Hüseynova və tələbə heyəti Azərbaycanın Milli Qəhrəmanı, Qızıl Ulduz ordenli təyyarə bələdçisi Hökümə Əliyevanın ev muzeyinə təşkil edilmiş “Səmanın səssiz qəhrəmanı” adlı ekskursiya təşkil etmişlər.

Ziyarət zamanı iştirakçılara muzeyin eksponatları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə Hökümə Əliyevanın şəxsi əşyaları, elmi yaradıcılığını əks etdirən sənədlər, fotolar və müxtəlif illərdə layiq görüldüyü təltiflər qorunub saxlanılır. Tələbələr onun fəaliyyət dövrünü əks etdirən guşələri nəzərdən keçirib, arxiv materialları ilə tanış olublar. Sonda ziyarətçilər muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər. Daha sonra isə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Samux rayonunda yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülmüş və onların ruhuna dərin hörmət və ehtiram ifadə olunmuşdur.

Muzeydən ayrılan tələbələrin simasında həm hüzn, həm də böyük bir məsuliyyət hissi var idi. Hökümə Əliyevanın ruhu qarşısında baş əyən gənclər, onun ideallarını yaşatmağın və elmin işığı ilə irəliləməyin nə qədər önəmli olduğunu bir daha dərk etdilər. Göy üzündə yarımçıq qalan o uçuş, bu gün gənclərin qəlbində yeni və daha uca zirvələrə doğru bir qanada çevrildi.

Ruhunuz şad olsun!