Universitetimizdə keçirilən fakültələrarası futbol çempionatı maraqlı anlar və gərgin mübarizə ilə yadda qaldı. Həftələrlə davam edən maraqlı oyunlar silsiləsində fakültəmizi təmsil edən futbol komandası turnirin ən diqqətçəkən və intizamlı kollektivlərindən biri olduğunu sübut etdi. Komandanın daxilində fakültə TGT-nin aktiv tələbələri, idarə heyətinin üzvləri də iştirak edirdi.
Turnir boyu qrup mərhələlərini uğurla keçən komandamızın əsl sınağı yarımfinal mərhələsində oldu. Böyük həyəcanla gözlənilən final qarşılaşmasında futbolçularımız qalibiyyət üçün bütün güclərini ortaya qoydular. Meydançanın hər qarışında aparılan mübarizə, texniki fəndlər və fədakar oyun nümayiş etdirən gənclərimiz turniri 2-ci yerlə başa vurdular. Çempionluğu çox az fərqlə əldən versələr də, nümayiş etdirdikləri oyun tərzi həm müəllim heyətinin, həm də rəqiblərin rəğbətini qazandı.
Fakültə dekanı, dosent Məsim Abadov və Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov final oyununadək tələbələrin yanında olaraq onlara ən böyük motivasiyanı verdilər. Rəhbərliyin hər qol sevincinə şərik olması, gərgin anlarda tələbələri ruhlandırması və oyun boyu onlarla çiyin-çiyinə dayanması meydandakı gənclərimizə əlavə güc qatdı. Bu mənzərə fakültəmizin sadəcə bir təhsil ocağı deyil, həm də hər bir uğurda və çətinlikdə bir-birinə dayaq olan böyük bir ailə olduğunun bariz nümunəsi idi. İdman təkcə fiziki güc deyil, həm də dözümlülük, intizam və birlik nümayişidir. Tələbələrimiz bu turnirdə sübut etdilər ki, onlar həm auditoriyalarda, həm də yaşıl meydançalarda ən yüksək zirvələrə layiqdirlər.
Bizə bu həyəcanı yaşatdıqları, fakültəmizin adını qürurla daşıdıqları və göstərdikləri əzmə görə komandamızın hər bir üzvünə təşəkkür edirik!
Uğurlarımız davamlı olsun!





