Tələbə təşkilatları

Universitet tələbə təşkilatları ali təhsil müəssisəsində tələbələrin akademik, sosial və ictimai fəallığının artırılması, onların özünüidarəetmə bacarıqlarının formalaşdırılması və institusional təmsilçiliyinin təmin edilməsi məqsədilə fəaliyyət göstərən strukturlardır. Bu təşkilatlar tələbələrin maraq və təşəbbüslərinin universitet rəhbərliyinə çatdırılmasında mühüm rol oynayır. Tələbə təşkilatları tələbələrin tədris prosesində fəal iştirakını, ictimai məsuliyyət hissinin inkişafını, eləcə də liderlik və təşkilatçılıq bacarıqlarının gücləndirilməsini dəstəkləyir. Onların fəaliyyəti universitet daxilində sağlam tələbə mühitinin formalaşmasına xidmət edir.
Tələbə təşkilatlarının əsas məqsədləri:
* Tələbələrin hüquq və maraqlarının qorunması və təmsil olunması;
* Tələbə–müəllim–idarəetmə arasında səmərəli əlaqənin qurulması;
* Tələbələrin sosial, mədəni və elmi fəaliyyətlərə cəlb olunması;
* Gənclərin vətənpərvərlik, sosial məsuliyyət və vətəndaşlıq ruhunda formalaşması;
* Gənclərin şəxsi inkişafına, liderlik və komanda işi bacarıqlarına töhfə verilməsi.
Tələbə təşkilatları universitet mühitində tələbələrin passiv müşahidəçi deyil, fəal iştirakçı olmasına şərait yaradır. Bu qurumlar vasitəsilə tələbələr öz ideyalarını həyata keçirmək, qərarların qəbulunda iştirak etmək və gələcək peşə həyatları üçün vacib olan praktiki bacarıqlar əldə etmək imkanı qazanırlar. Eyni zamanda, tələbə təşkilatları tələbələrin boş vaxtlarının səmərəli təşkilinə, onların sosiallaşmasına və universitet həyatına daha dərindən inteqrasiya olunmasına şərait yaradır. Universitet tələbə təşkilatları tələbələrin akademik və ictimai həyatının ayrılmaz tərkib hissəsi olmaqla, onların fəallığının artırılmasına, təşəbbüskarlıq ruhunun formalaşmasına və gənclərin cəmiyyətə faydalı fərd kimi yetişməsinə xidmət edir. Tələbə təşkilatlarının sədrləri fakültə Elmi Şurasının üzvləridir.

TƏLƏBƏ GƏNCLƏR TƏŞKİLATININ FAKÜLTƏ SƏDRİ

Əkbərova Nuray Vüqar qızı – 22 iyun 2003-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 2009–2020-ci illərdə Gəncə şəhər İmaməddin Nəsimi adına 44 nömrəli Məktəb-Lisey Kompleksində orta təhsil almışdır. 2020–2023-cü illərdə Tovuz Dövlət Sosial-İqtisad Kollecində “Mühasibat uçotu və audit” ixtisası üzrə təhsil almışdır. 2023-cü ildə Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2021–2022-ci illərdə “Alfa” MMC-də mühasib vəzifəsində çalışmışdır. 2022–2023-cü illərdə “LinkNet” MMC-də ofis meneceri vəzifəsində fəaliyyət göstərmişdir.2024-cü ildən etibarən 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində ASAN Könüllüləri Təşkilatının nümayəndəsi kimi fəaliyyət göstərir. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “İlin ASAN Könüllüsü” mükafatına layiq görülmüşdür. 2025-ci ildə Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu çərçivəsində fəxri fərmanla təltif olunmuşdur. Həmçinin 2025-ci ildə keçirilən III MDB Oyunlarında supervisor vəzifəsində fəaliyyət göstərmiş və bu münasibətlə təşəkkürnamə ilə təltif edilmişdir. 2025-ci ildə “Suverenlik Marafonu”layihəsində təşkilatçı kimi iştirak etmiş və fəaliyyətinə görə rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Eyni zamanda, təşkilatçılıq qabiliyyətinə və elmi işlərdə fəaliyyətinə görə rektorun Fəxri Fərmanı ilə təltif edilmişdir. 2025-ci ildən Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Gənclər Təşkilatının fakültə sədridir. Eyni zamanda Gəncə Dövlət Universitetində universitet üzrə Elmi Şuranın üzvüdür.
2025-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təqdim etdiyi “İlin tələbəsi” mükafatı ilə təltif olunmuşdur.

AZAD TƏLƏBƏ HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN FAKÜLTƏ SƏDRİ

Yusifli Qəlbinur Bayram oğlu – 20 yanvar 2006-cı ildə Bərdə şəhərində anadan olmuşdur. 2012–2023-cü illərdə Bərdə şəhər Laçın rayon İ.Şahverdiyev adına Ağanus kənd tam orta məktəbdə orta təhsil almışdır. 2023-cü ildə Gəncə Dövlər Universitetinin “iqtisadiyyat və idarəetmə” fakültəsinin “Marketinq” ixtisasına qəbul olmuşdur. İdman sahəsində fəaliyyətinə görə Gənclər və idman naziri F.Qayıbov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Təşkilatçılıq qabiliyyətinə və ictimai işlərdə fəaliyyətinə görə rektorun Fəxri Fərmanı ilə təltif edilmişdir. 2025-ci ildən Azad Tələbə Həmkarlar İttifaqının fakültə sədridir. Eyni zamanda, universitet üzrə TGT sədrinin ictimai işlər və əlaqələr üzrə müavini və TGT idarə heyətinin üzvüdür.

TƏLƏBƏ ELMİ CƏMİYYƏTİNİN FAKÜLTƏ SƏDRİ

Zeynalova Tellan — 25 iyul 2004-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbdə almış, həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Hazırda Gəncə Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsində “Marketinq” ixtisası üzrə təhsil alır. Təhsil aldığı müddət ərzində universitetin ictimai həyatında, müxtəlif layihə və proseslərdə fəal iştirak etmişdir. Eyni zamanda media sahəsində fəaliyyət göstərmiş, Kəpəz Tele-radio şirkətində jurnalist və radio aparıcısı kimi çalışmışdır. Gəncə Dövlət Filarmoniyasında, eyni zamanda Qərb zonasında keçirilən dövlət və ictimai əhəmiyyətli tədbirlərdə, mədəni proqramlarda aparıcı və təşkilati proseslərin fəal iştirakçısı olmuş, ictimai fəallığı, təşkilatçılıq bacarığı və səhnə mədəniyyəti ilə seçilmişdir. Uğurlarından bir nümunə olaraq qeyd etmək olar ki, 2025-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Uşaq İncəsənət Festivalında koordinator və festivalın Gəncə üzrə aparıcısı vəzifəsində fəaliyyət göstərmiş, festivalın sonunda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur. Universitet və şəhər səviyyəli müxtəlif tədbir, layihə və proqramlarda mütəmadi iştirakına görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuşdur. 2026-cı ildə universitetlər arasında keçirilən sorğunun nəticələrinə əsasən “İlin tələbəsi” adına, həmçinin “Brend tələbə” nominasiyasına layiq görülmüşdür.

FAKÜLTƏ YAP SƏDRİ

Mənafova Zərifə – 03 dekabr 2006-cı ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini 2024-cü ildə Gəncə şəhərində yerləşən 21 nömrəli tam orta məktəbdə başa vurmuşdur. Elə həmin ildə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işinin təşkili ixtisasına qəbul olmuşdur və hazırda ali təhsilini bu istiqamət üzrə davam etdirir.
Təhsil aldığı müddət ərzində ictimai fəallığı və təşkilatçılıq bacarığı ilə seçilmiş, müxtəlif könüllülük və ictimai fəaliyyətlərdə aktiv iştirak etmişdir. 2025-ci ildə Synergia Academy tərəfindən təşkil olunan könüllülük proqramında iştirak etmiş, eyni zamanda Turizm Könüllüləri Təşkilatının üzvü olmuşdur. Gəncə şəhəri üzrə keçirilən seçim mərhələsində ilk 10 nəfər arasında yer almışdır.
O, Regional İnkişaf İctimai Birliyinin üzvü, Yeni Azərbaycan Partiyasının fakültə üzrə sədri, həmçinin Gəncə Regional Debat Mərkəzinin YAP üzrə sədri kimi fəaliyyət göstərmişdir. Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən intellektual yarışlarda bacarıq pilləsi üzrə birinci yerə layiq görülmüşdür. Bundan əlavə, Əbədi Birlik Təşkilatının üzvü və Global Olympic Center-in könüllüsü kimi də fəaliyyət göstərmişdir.
İctimai və elmi fəaliyyəti müxtəlif sertifikatlarla təltif olunmuşdur. Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş məqaləyə görə sertifikat almış, debat ictimai birliklərindəki uğurlu çıxışlarına və iştirakına görə sertifikatlara layiq görülmüşdür. Həmçinin Global Olympic Center-də könüllü fəaliyyətinə, Tələbə Gənclər Təşkilatı çərçivəsində əldə etdiyi nəticələrə görə sertifikat və mükafatlarla təltif edilmişdir.