Tələbəmizin növbəti Beynəlxalq Elmi Uğuru: Tələbə Elmi Cəmiyyətinin Sədr Müavininin məqaləsi nüfuzlu İndeks Bazalarına daxil edilib

Fakültəmizin “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbəsi, eyni zamanda universitete bağlı Tələbə Elmi Cəmiyyətinin (TEC) Elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev elmi-tədqiqat fəaliyyətində növbəti mühüm uğura imza atmışdır.

Gənc tədqiqatçının müasir dövrün ən aktual mövzularından birinə həsr olunmuş “Rəqəmsal iqtisadiyyatın Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına təsiri” mövzusunda aparılmış hərtərəfli elmi tədqiqat işi və məqaləsi nüfuzlu “Qədim Diyar” Beynəlxalq Elmi Jurnalının xüsusi buraxılışında nəşr olunmuşdur. Bununla yanaşı, tələbəmiz elmi fəaliyyətinə və tədqiqatının yüksək nəzəri-praktiki əhəmiyyətinə görə Azərbaycan Elm Mərkəzi tərəfindən Beynəlxalq Sertifikat ilə təltif edilmişdir.

Rəhman Abdullayev “Dünya İqtisadiyyatının Müasir Tədqiqatları” I Beynəlxalq Elmi Konfransı çərçivəsində təqdim etdiyi elmi materialı ilə beynəlxalq elmi ictimaiyyətin də diqqətini cəlb etməyi bacarmışdır. Belə ki, sözügedən elmi iş beynəlxalq akademik standartlara tam cavab verərək, dünyanın aparıcı elmi indeksləşdirmə sistemlərindən olan ERIH PLUS (European Reference Index for the Humanities and Social Sciences)INDEX COPERNICUS INTERNATIONAL beynəlxalq bazalarına daxil edilmişdir.

İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanlığı adından tələbəmiz Rəhman Abdullayevi bu böyük akademik nailiyyət münasibətilə samimi qəlbdən təbrik edir, ona gələcək elmi-tədqiqat fəaliyyətində yeni-yeni uğurlar və daha yüksək akademik zirvələr arzulayırıq!