GDU-da YENİ KOMPÜTER LABORATORİYALARI VƏ “ZERODAY” KLUBU İSTİFADƏYƏ VERİLDİ

Gəncə Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir rəqəmsal çağırışlara uyğunlaşdırılması istiqamətində növbəti uğurlu addım atılıb. Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin nəzdində İnformatika və cəbr kafedrasının  professoru Mehriban Həsənovanın rəhbərliyi ilə yaradılmış ən son texnoloji avadanlıqlarla təchiz olunmuş “ZeroDay” İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Klubunun təntənəli açılışı olub.

Tədbirdə Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, GDU HİK sədri Afaq Qasımova, fakültə dekanı Oruc Hüseynov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Məsim Abadov, professor-müəllim heyəti və tələbələr iştirak edərək yaratmış şəraitlə yaxından tanış olublar.

Laboratoriyaların və klubun əsas məqsədi tələbələrin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, proqramlaşdırma, kibertəhlükəsizlik, süni intellekt, şəbəkə texnologiyaları sahəsində praktiki təcrübə qazanmalarını təmin etməkdir.

Açılış çərçivəsində “ZeroDay” Klubunun sədri və üzvləri öz innovativ startap layihələrini təqdim ediblər. Xüsusilə qeyd edək ki, qalib və uğurlu komandanın tərkibində fakültəmizin Biznesin idarə edilməsi ixtisası III kurs tələbəsi Cahid Məmişzadə də yer alır! Tələbələrin təqdim etdiyi startaplar rəhbərlik və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Gənclər göstərilən diqqət, dəstək və yaradılan müasir tədris şəraitinə görə universitetin rektoru, professor Yusif Yusibova dərin minnətdarlıqlarını bildiriblər.