Fakültəmizin müəllimi və tələbəsi “ADEX-2026” beynəlxalq sərgisində iştirak ediblər

Sentyabrın 30-da “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan və Türkiyənin aidiyyəti qurumları arasında müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Mühüm əhəmiyyət kəsb edən sənədi Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev, elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvar imzalayıblar.

Anlaşma Memorandumunun əsas məqsədi müdafiə sənayesi sahəsində kadr hazırlığı, akademik mübadilə, istehsalat təcrübəsi və texnologiyalar üzrə dördtərəfli əməkdaşlığın çərçivəsini müəyyən etməkdir. Sənədə əsasən, prioritet ixtisaslar üzrə birgə təhsil proqramlarının hazırlanması, mühəndis-texniki heyətin ixtisasının artırılması, akademik heyət və tələbə mübadiləsi, eləcə də texnoparklar arasında birbaşa əlaqələrin qurulması nəzərdə tutulur.

Ölkəmiz üçün strateji vacibliyə malik olan bu beynəlxalq sərgidə fakültəmizi də təmsil edənlər olub. İdarəetmə kafedrasının müəllimi Xaliq Quliyev və “Biznesin idarə edilməsi” ixtisasının III kurs tələbəsi Cahid Məmişzadə “ADEX-2026” sərgisində peşəkar ziyarətçi qismində iştirak edərək tədbirin işi ilə yaxından tanış olublar.