18 Oktyabr — Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi çəkiyə və əhəmiyyətə malik olan şanlı səhifələrdən biridir. 1991-ci ilin bu günündə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilmiş və ölkəmiz XX əsrdə ikinci dəfə öz müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi siyasi, iqtisadi və sosial böhranlar Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən dövlətçilik strategiyası sayəsində aradan qaldırılmış, müstəqil Azərbaycan Respublikasının möhkəm təməlləri qoyulmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi islahatlar, “Əsrin müqaviləsi” kimi qlobal layihələr ölkəmizin dayanıqlı inkişafının və iqtisadi suverenliyinin təminatçısına çevrilmişdir.Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz öz müstəqilliyinin və suverenliyinin ən qüdrətli dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və ərazi bütövlüyümüzün tam bərpası dövlət müstəqilliyimizi daha da sarsılmaz etmişdir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri, reallaşdırılan meqalayihələr müstəqil Azərbaycanın iqtisadi potensiaılının və gücünün bariz nümunəsidir. Müstəqilliyimizin bərpası günü həm də akademik ictimaiyyət və gənclər üçün böyük məsuliyyət hissi aşılayır. Azad, suveren və güclü dövlətin vətəndaşları olaraq iqtisadiyyatımızın daha da yüksəlməsi, elmin və təhsilin inkişafı istiqamətində yorulmadan çalışmaq hər birimizin müqəddəs borcudur.
Xalqımızı və universitet kollektivimizi 18 Oktyabr — Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımıza daimi sülh, tərəqqi və parlaq gələcək arzulayırıq!

