05.04.2017-ci il tarixdə fakültəmizin 2010/2011-ci tədris ilinin məzunu olmuş, aprel döyüşlərinin könüllü şəhidi-Əsədli Fərman Elçin oğlunun xatirəsi anıldı…
?
?
?
Əsədli Fərman Elçin oğlu – 1990-cı il sentyabrın 10-da Gəncə şəhərində anadan olmuşdur. 1996-cı ildə Samux rayon Sərkar kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi bitirmişdir. 2007-ci ildə Gəncə Dövlət Univrsitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisasına daxil olmuş, 2011-ci ildə ali təhsilini başa vurmuşdur. 2011-2012-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. 2012-ci ilin sentyabr ayında ailə həyatı qurmuş, 2013-cü ilin iyul ayında qız övladı dünyaya gəlmişdir.
01 aprel 2016-cı il tarixdə Erməni silahlı bölmələri atəşkəs rejimini kəskin şəkildə pozaraq Azərbaycan Respublikasının cəbhənin müxtəlif istiqamətlərində – Goranboy, Tərtər, Ağdam və digər rayonlarımızda yerləşən Silahlı Qüvvələrimizin mövqelərini, eləcə də dinc sakinləri atəşə tutmuşdur.
Bu xəbəri eşidən Fərman Əsədli 02 aprel 2016-cı il tarixdə saat 10-11 radələrində cəbhədə qulluq edən hərbiçilərimizə dəsdək olmaq niyyəti ilə, yeznəsi Əliyev Sadiq Natiq oğlu ilə birlikdə bir qədər ərzaq məmulatları alaraq döyüşlərin başlandığı Tərtər rayonunun Şıxarx qəsəbəsinə doğru yola düşürlər. Fərman Əsədli ilə Sadiq Əliyev Tərtər rayonunun Şıxarx qəsəbəsinə çatdıqda dəhşətli bir səhnənin şahidi olurlar. Belə ki, qeyd edilən qəsəbənin atəş altında olduğunun, erməni təcavüzkarları tərəfindən qəsəbənin ağır artileriya atəşi altında olduğunun şahidi olmuşlar. Fərmanla Sadiq gətirdikləri ərzaqların bir hissəsini N saylı hərbi hissədə qulluq edən əsgərlərimizə çatdıraraq əsgərlərimizə “güclü olun, qorxmayın, xalq sizinlədir!” sözlərini deyərək hərbiçilərimizə necə kömək edə biləcəklərini soruşmuşlar. Hərbiçilər Fərmanla Sadiqə köməyə ehtiyac olmadığını, minnətdarlıqlarını bildirib sadəcə atəş altında olan ərazini tərk etmələrini xahiş etmişlər. Bundan sonra Fərmanla Sadiq əsgərlərə verilmiş əmrin icrasına köməklik göstərərək əraziyə toplaşan vətəndaşları ərazidən kənarlaşdırmaq, çəkiliş aparan vətəndaşlara əngəl olmaq istiqamətində müəyyən fəaliyyətlər göstərmişlər. Bundan sonra düşmən artileriyasının bizim mövqeylərimizə ardıcıl zərbələr endirdiyini görən Fərmanla Sadiq həmin ərazilərdə yaralıların olma ehtimalını nəzərə alaraq “Niva” markalı avtomobilləri ilə həmin atəş altında olan ərazilərə yollanmışlar. Getdikləri ərazilərdə silahlı qüvvələrimizin ayrı-ayrı mövqelərdə yerləşən şəxsi heyətlərini görmüş və bir daha könüllü şəkildə Tərtər rayon mərkəzinə qayıdaraq həmin cəbhə bölgəsində xidmət edən hərbiçilərimiz üçün lazımı qida məhsulları alaraq geri qayıdıb ön cəbhədə qulluq edən hərbiçilərimizə vermişlər. Bundan sonra mülki əhalinin buraxılmadığı ərazidə silahlı qüvvələrimizə məxsus “QAZ-3308” markalı avtomaşının dayandığını müşahidə etmişlər. Bunu görən Fərman Əsədli yaxınlıqda olan mülkü avtomaşınlardan birinin “akkumlyator”nu çıxararaq öz “Niva” markalı avtomobili ilə Sadiqlə birlikdə hərbi avtomaşının dayandığı istiqamətə yollanmışlar. Avtomobilin yanına çatdıqda Fərman hərbi yük maşınını təmir edərək, özü sükan arxasına əyləşib sürücü əsgər Şirinovu da yanında əyləşdirərək şəhidlərin cənazəsini aparan avtomaşını idarə edib Tərtər şəhərində yerləşən “N” saylı hərbi hissəyə təhvil vermişlər. Bundan sonra Fərmanla Sadiq yenidən döyüş bölgəsinə qayıdaraq ərazidə yaralıların olub-olmamasını, yaralıların olacağı təqdirdə dərhal xəstəxanaya çatdırmaq niyyəti ilə atəş altında olan mövqelərdə gözləmişlər. Həmin müddət ərzində düşmən tərəfindən müxtəlif istiqamətlərdə atılan top mərmiləri Fərman və Sadiqin olduğu yerə yaxın bölgələrə düşmüşdür. Fərman top mərmilərindən birinin düşdüyü yerin yaxınlığında yaralı əsgərin olduğunu görüb yeznəsi Sadiq Əliyevlə birlikdə yaralının atəş altından çıxarılması və xəstəxanaya çatdırılması üçün köməklik göstərərək böyük şücayət nümayiş etdirmişlər. Həmin gün axşam saat 18-19 radələrində Fərman Əsədli ilə Sadiq Əliyev əsgərlərlə sağollaşaraq yaşadıqları Gəncə şəhərinə qayıtmaq üçün yola çıxmışlar. Yolda silahlı qüvvələrin zabiti, kapitan Rəhimov Mübariz Vaqif oğlu ilə rastlaşaraq avtomaşını ilə sonuncunu xidmət etdiyi posta aparıb düşürmək qərarına gəlmişlər. Həmin vaxt Tərtər rayonun Şıxarx kəndi erməni təcavüzkarları tərəfindən ağır artileriya silahları ilə atəş altında olmuşdur. Fərmanla Sadiq kapitan M.Rəhimovu avtomaşınlarına mindirib Şıxarx istiqamətində hərəkət etmişlər. Kənddə yerləşən qum-çınqıl karxanasının təxminən 500 metr keçdikdən sonra düşmənin artileriya bölməsinin “D-30” top mərmisi avtomaşının yaxınlığına düşmüş, mərminin qəlpələri avtomaşını deşərək qabaq sağ oturacaqda əyləşən Fərman Əsədlinin ağır yaralanmasına səbəb olmuşdur. Avtomaşında olan digər şəxslərdən Sadiq Əliyev ağır yaralanmış, hərbiçi Mübariz Rəhimov isə hadisədən yara almadan xilas olmuşdur. Fərman Əsədli hadisədən bir neçə saat sonra gətirildiyi Tərtər rayon xəstəxanasında vəfat etmişdir.