12 noyabr – Konstitusiya Günüdür

Müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.SSRİ hakimiyyətinə son qoyularaq dövlətimiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün Prezident Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradıldı və bundan sonra Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası referendumla qəbul olundu.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Buna qədər üç dəfə Konstitusiyamıza dəyişiklik edilib: 2002-ci il avqust, 2009-cu il mart və 2016-cı il sentyabr. Müvafiq tarixlərdə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Konstitusiya günü bayram kimi qeyd olunsa da, noyabrın 12-si iş günüdür.

Azərbaycan Respublikasının Konstitusiya Günü bu il  daha fərqli əhval-ruhiyyədə qeyd olunur. Çünki ötən il Müzəffər Azərbaycan Ordusu döyüş meydanında tarix yazaraq öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi ədalətsizliyə son qoyub. Odur ki, bu il Azərbaycan xalqı üçün hər bir özəl günün anlamı ikiqat dəyər daşıyır. Konstitusiya Günümüz bu il uzun müddətdən sonra ərazi bütövlüyünü bərpa etmiş ölkəmizin hər bir yerində böyük qürur və iftixar hissi ilə qeyd olunacaq.

istinad-https://azertag.az/oxu.az