Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər.
Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə papaq atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.Yurdumuz ilaxır çərşənbənin ardından baharı qarşılamağa hazırlaşır. Bu bahar elimizə-obamıza sevinc, şadlıq gətirsin! İnsanlarımızın üçü gülsün, vətənimiz bütövləşsin, məcburi köçkünlərimiz bir an əvvəl yurd-yuvalarına qayıtsın! Dünyamıza sülh, əmin-amanlıq gəlsin.Süfrəniz bərəkətli, ruziniz bol, ürəyiniz təpərli olsun, ocağınız gur yansın! İlaxır çərşənbəniz mübarək!