Gəncə bombalanmaları və ya Gəncəyə raket hücumları — 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması. Bombalanmalar 2020-ci il Qarabağ döyüşləri dövründə baş vermişdir.
İlk hücum 4 oktyabrda baş vermiş və 1 mülki şəxsin Əliyev Tunar Qoşqar oğlunun Şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələnmişdir. Bu raket hücumu müharibənin getdiyi Dağlıq Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş vermişdir. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də baş vermişdir. Həlak olan və yaralanan olmamışdır. Dördüncü raket hücumu isə 11 oktyabrda baş vermiş və nəticədə 10 mülki şəxs Şəhid olmuş və 40-dan çox insan yaralanmışdır. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş vermiş və atəşkəsin pozulması ilə nəticələnmişdir. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş vermişdir. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər Şəhid olmuş, 55 nəfər isə yaralanmışdır. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.
Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırıb.
Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar etmişdir.Qondarma Dağlıq Qarabağ rəhbərliyi isə yalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürmüşdür.
Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanmışdır.