Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.
Bu yolda ölkəmiz böyük uğurlar əldə etdi, Cənubi Qafqazın lider dövlətinə, beynəlxalq layihələrin təşəbbüskarına çevirdi. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı. Bu gün regionda yeni reallıq yaranıb. Bu reallığı isə beynəlxalq nüfuzu gündən-günə güclənən, Avropanın enerji təchizatında aparıcı aktora çevrilən və dünya dövlətləri üçün etibarlı tərəfdaşa çevrilən Azərbaycan yaradıb.