20-ci əsrin sonlarındakı tarixi təlatümlər fonunda dövlətçiliyimizin xilası və gələcək inkişafın təmin olunması naminə milli maraqlarımızın təminatçısı olan, Ulu Öndər Heydər Əliyevin ideallarına söykənən siyasi təşkilatın – Yeni Azərbaycan Partiyasının yaradılması Vətənimizin taleyində müstəsna rol oynamış mühüm bir tarixi hadisədir. Həmim çətin dövrdə, qısa bir zaman ərzində partiyanın yerli təşkilatlarının formalaşdırılması da sabitlik, dirçəliş və sabahkı gün üçün əminlik məqsədlərinə xidmət etmiş oldu.
YAP Gəncə şəhər təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə keçirilən şəhər tədbirində də bu fikirlər bir daha səsləndirilib.
Heydər Əliyev Mərkəzdə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Toplantının başlanğıcında Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov təbrik nitqi ilə çəıxış edib. O, həmçinin xatırladıb ki, partiyanın 1993 – cü ilin iyul ayının 23-də bu Gəncədə 63 nəfər təssübkeşin iştirakı ilə formalaşdırılan şəhər təşkilatının hazırda 43 min 464 nəfər üzvü var. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası müasir dövrümüzdə Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov da bu tarixi gün münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiya, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır. Şəhər rəhbəri həmçinin vurğulayıb ki, təşkilatın sıraları gündən-günə də savadlı, vətənpərvər gənclərin, qadınların, ziyalıların hesabına yenilənməsi və genişlənməsi partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricisidir.
Tədbirdə çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan danışıblar, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının şədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizin əldə etdiyi möhtəşəm hərbi və siyasi qələbələrin dövlətçiliyimizin və milli həmrəyliyimizin daha yüksək məqamlara yüksəlməsində mühüm rol oynadığını vurğulayıblar.
Yubiley toplantısının sonunda YAP Gəncə şəhər təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə Fəxri fərmanlar təqdim olunub.