Çərşənbə günü Milli Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib, Azərtac yazıb.
O, ilk dəfə 2003-cü ildə Prezident kimi and içib.
Bu, İham Əliyevin 5-ci müddətə prezidentliyidir.
Çərşənbə axşamı günü Azərbaycanın Konstitusiya Məhkəməsi İlham Əliyevin Prezident seçildiyini təsdiqləyib.
İnaqurasiya mərasiminin məhz bu gün keçiriləcəyi ilə bağlı əvvəldən rəsmi məlumat verilməyib.
Millət vəkili, prezidentliyə keçmiş namizəd Zahid Oruc BBC-yə deyib ki, o ötən gün “ən azı beş” jurnalistə fevralın 14-də Prezidentin inaqurasiya mərasimi olacağını deyib, amma niyə rəsmi məlumat verilmədiyini bilmir.
Bu gün səhar saatlarında parlamentdə keçirilən andiçmə mərasimi canlı yayımlanmayıb.
Rəsmi dövlət agentliyi Azərtac İlham Əliyevin Prezident kimi and içdiyini və çıxış etdiyini bildirsə də, mərasimin bitməsindən azı dörd saat keçməsinə baxmayaraq, Prezidentin çıxışının videosu və mətni hələ ictimaiyyətə təqdim olunmayıb.
Azərtac yalnız onu yazıb ki, İlham Əliyev və xanımı Mehriban Əliyeva mərhum Prezident Heydər Əliyevin məzarını ziyarət edib.
Erkən prezident seçkisi fevralın 7-də keçirilib. MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Ölkənin aparıcı müxalif partiyaları – Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat seçkinin nəticələrini tanımadıqlarını bəyan edib.
Bir çox dövlət başçısı, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib