17 noyabr Milli Dirçəliş Günü

17 noyabr 1988-ci il xalqımızın azadlıq mübarizəsi tarixində qızıl hərflərlə yazılmış bir gündür. Meydan hərəkatı artıq tariximizdə Milli dirçəliş günü kimi özünün təsdiqini tapdı. Meydan hərəkatı Azərbaycan xalqının tarixində, xalqın tarixi yaddaşının oyanmasında, istiqlaliyyət mübarizəsində bir hadisə oldu.
       Hərəkatın bir çox səbəbləri vardı. Konkret olaraq Topxana meşəsində Yerevan alüminium zavodunun filialının tikilməsi Azərbaycan xalqında böyük narazılıq doğurdu. Əslində meydan hərəkatı təkcə Topxana söhbəti ilə bağlı olmamış, Ermənistanın Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qarşı ərazi iddiası ilə əlaqədar baş vermişdir.
       Ermənistan tərəfindən atılan bu məkrli addımı Azərbaycan xalqı yaxşı başa düşürdü. Yaxşı bilinirdi ki, bu çirkin niyyətlərin arxasında Azərbaycanın bir dövlət kimi məhv edilməsi, Respublikamızda gedən demokratik proseslərin, müstəqilliyə meylin qarşısının alınması durur.
Meydan hərəkatı, həm də 1918-20-ci illərdə Şərqdə ilk demokratik respublika quran bir xalqın yaddaşının tamamilə ölüb getmədiyinin əlaməti idi və xalqımız həmin müstəqil dövlətini bərpa etmək istəyirdi.
           Bu hərəkatda Azərbaycan xalqının bütün təbəqələri eyni məslək altında birləşmişdi. 1988-ci il noyabrın 17-dən dekabrın 5-nə dək davam edən meydan hərəkatının Azərbaycanın milli azadlıq hərəkatı tarixində xüsusi, əvəzedilməz rolu vardır. Bu hərəkat Bakıda getsə də Azərbaycanın bütün bölgələrini əhatə edirdi.
     Azərbaycan xalqı bu prosesdə ilk növbədə özünün həmin dövrdəki rəhbərlərinin artıq Azərbaycan xalqını təmsil edə bilməməsini üzə çıxardı və onların imperiya siyasətinin həyata keçirilməsinin ifşasına nail oldu.
   1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə meydandakıların üzərinə silahlanmış əsgərlər göndərildi.
   Xalq burada əzilsə də, döyülsə də bütün dünyaya bildirdi ki, biz öz torpaqlarımızdan heç nədən, hətta ölümdən belə qorxmadan əl çəkməyəcəyik.
   Azərbaycanda 1993-cü ilin iyunun 15-nə kimi Dövlət rəhbərlərinin görəcəyi işləri xalq özü küçə və meydanlarda bacardığı kimi həyata keçirmişdir.
   15 iyundan sonra isə Ümummilli lider Heyər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi və xalqımızı olum və ya ölüm dilemması qarşısında qaldığı vaxtda xilas etdi. Xalqımız üçün kritik olan o dövrdə Ulu Öndərin xilasedici missiyası Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
   32 ildən sonra Müzəffər Ali Baş Komandanımız və Ordumuz Şuşanı işğaldan azad etdi, Qarabağı Azərbaycana qaytardı. Azərbaycan bütün dünyaya haqlı olduğunu sübut etdi, şərəfli, ləyaqətli döyüşlə öz torpaqlarını azad etdi. 44 günlük müharibə Azərbaycanın necə güclü, peşəkar orduya malik olduğunu, ən müasir texnikalarla XXI əsrin ədalətli müharibəsini apardığını göstərdi.
   Erməni mifi, yalanları möhtərəm Prezidentimiz tərəfindən alt-üst edildi. Ermənilərin iç üzünü bütün dünya gördü. Onların humanitar müharibə qaydalarını pozaraq mülki əhalini, dinc şəhərlərimizi atəşə tutması, uşaqları, qadınları, qocaları qətl etməsi, dini məbədlərimizi, qəbirlərimizi dağıtması bir daha xislətlərini açdı və heç dəyişmədiklərini göstərdi. Son 200 illik tariximizdə xalqımız ermənilərin belə vandallığının çox şahidi olub, indi isə bəşəriyyət bunu gördü.
   36 il öncə müstəqillik üçün ayağa qalxan igidlərimiz eyni ruhla işğal altındakı ərazilərimizi azad etdilər.
   Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağın yaralarını sağaldacaq, kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, bərpa ediləcək, məcburi köçkünlərimiz doğma yurd-yuvalarına qayıdacaq. Bu bayramın 32-ci ildönümünü xüsusi qürur hissi ilə qeyd edirik. Növbəti bayramlarımızı Qarabağ torpaqlarında keçirəcəyik!
     Yaşasın Ali Baş Komandan!
     Yaşasın Azərbaycan Ordusu!
    Yaşasin Azərbaycan xalqı!
     Milli Dirçəliş günün mübarək, Azərbaycan!