Su çərşənbəsi – yazın ilk müjdəsi

Novruz adətlərimizə görə, bu gün təzə ilimizin “Su çərşənbəsi”dir. Baharın ilk xəbərçisi olan bu çərşənbə suya tapınma inancı ilə bağlıdır. Kiçik çillə çıxandan sonra boz ayda ilk olaraq bu günü qeyd edirik. Evlərdə aş bişirilir, kəndlərdə su üstündən atlanılır, su adamların azar-bezarını aparır. Bu gün xalq arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Sular Novruzu”, “Gül çərşənbə” kimi də tanınır.

Üzümüzə gələn həftələr – martın 4-ü “Od çərşənbəsi”, 11-i “Yel çərşənbəsi”, 18-i isə “İlaxır (Torpaq) çərşənbəsi” olacaq. Bunlar doğru çərşənbələr sayılır. Etnoqraf alimlərin fikrincə, ta qədimdən yazqabağı sayca 7 oğru-doğru çərşənbələr olub. İndi isə Azərbaycanda yalnız yuxarıda sadalananlar qeyd edilir. Tarixən Novruzaqədərki mərasimlərə böyük çillənin, kiçik çillənin gəlib-getməsi, Xıdır Nəbi bayramı daxildir. Novruz mərasimləri isə boz ayın əvvəlindən başlayır: Boz ayın ilk 4 çərşənbəsi və bayramın özü.

Mifik mətnlərdə su həyat, dirilik mənbəyi kimi göstərilib. İnanca görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə də su ilk çərşənbə kimi qeyd olunur. Bu çərşənbədə su hövzələrində abadlıq işləri görülür, arxlar təmizlənir. Bayrama hazırlıqlar su çərşənbəsi ilə başlayır, su ilə bağlı müxtəlif şənliklər keçirilir…