Reklamın gücü və seçimin psixologiyası: fakültədə açıq dərs keçirildi

“Menecment və turizm işi” kafedrasının müəllimi Nərmin Həsənova “Reklam işi” fənnindən “Reklam psixologiyası və istehlakçı davranışı” mövzusunda “Marketinq” ixtisasının 3-cü kurs tələbələrinə açıq dərs təşkil etmişdir. Açıq dərsdə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dos. Məsim Abadov, “Menecment və turizm işi” kafedrasının müdiri i.f.d., dos. Əli Allahverdiyev, kafedranın baş müəllimi, i.f.d. Şahin Qasımov, müəllimi Türkan Rzayeva və kafedra əməkdaşları iştirak etmişlər.

Açıq dərs zamanı reklamın istehlakçı qərarlarına təsiri, alıcı davranışının formalaşmasında psixoloji və iqtisadi amillərin rolu, həmçinin müasir bazar şəraitində effektiv reklam strategiyaları ətraflı şəkildə izah edilmişdir. Müzakirələr interaktiv formatda aparılmış, real bazar nümunələri əsasında tələbələrin analitik düşüncə və praktiki yanaşma bacarıqları inkişaf etdirilmişdir.

Açıq dərs tələbələr tərəfindən böyük maraqla qarşılanmış, onların nəzəri biliklərinin real bazar davranışları ilə əlaqələndirilməsinə imkan yaratmışdır. Bu cür açıq dərslər fakültədə tədrisin praktik yönümlü təşkili və tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.