Fakültədə Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbiri keçirildi

Fakültədə Xocalı soyqırımının ildönümü münasibətilə fakültə rəhbərliyi, TGT, TEC, THİK-nın birgə əməkdaşlığı ilə anım tədbiri təşkil olunmuşdur. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım tədbirində Humanitar məsələlər üzrə prorektor dos. Gülsüm Fətəliyeva, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Məsim Abadov, Menecment və turizm işi kafedrasının müdiri dos. Əli Allahverdiyev, Turizm işinin təşkili ixtisasının 2-ci kurs tələbəsəi Zərifə Mənafova, İqtisadiyyat ixtisasının I kurs tələbəsi, şəhid Ruslan Abbasovun qızı Maya Abbasova çıxış ediblər. Tədbirin aparıcısı, TEC-in fakültə sədri Tellan Zeynalova və çıxış edənlər Xocalı soyqırımının insanlığa qarşı törədilmiş cinayət olduğu qeyd etmiş, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad etmişlər. Tədbir iştirakçılarına Xocalı həqiqətlərinin gənc nəsillərə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və milli-mənəvi dəyərlərə sədaqətin əhəmiyyəti haqqında məlumat verilmişdir.

Tədbirdə Xocalı faciəsinin Azərbaycan xalqının tarixində tutduğu yer, dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlər və bu faciənin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.

Sonda qeyd olundu ki, Xocalı soyqırımı təkcə xalqımıza qarşı törədilmiş ağır cinayət deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı yönəlmiş bir faciədir. Bu kimi anım tədbirlərinin keçirilməsi gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, tarixi yaddaşın qorunmasına və milli-mənəvi dəyərlərə sədaqətin möhkəmləndirilməsinə mühüm töhfə verir.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə dərin ehtiram ifadə olunmaqla başa çatdırılmışdır.