Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, onların asudə vaxtının daha səmərəli təşkili və milli dəyərlərimizin təbliğini də diqqətdə saxlamaq məqsədilə ardıcıl və sistemli tədbirlərin icrasını davam etdirir. Bu çərçivədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ali təhsil müəssisələrinin işçiləri üçün Təhsil İstirahət Mərkəzində “Novruz düşərgəsi 2026” adlı düşərgə təşkil edilmişdir. Ümumilikdə 400-ə yaxın təhsil işçisinin iştirak etdiyi düşərgə çərçivəsində keçirilən görüşlər, mədəni proqramlar və fikir mübadilələri təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcəkdir.
Düşərgədə “İqtisadiyyat və idarəetmə” fakültəsinin müəllimləri – İqtisad elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Kənan Rəhimov, texnika elmləri namizədi, dosent Nazilə İsgəndərova, Müəllim Gülnarə Bağırova iştirak ediblər. Bu cür təşəbbüslər kollektiv daxilində korporativ ruhun gücləndirilməsinə və müəllimlərin tədris prosesində rotasiyasının daha aktiv olmasına xidmət edir.
Təbiətin oyanışını və bayram sevincini birlikdə yaşayan kollektivimizə xoş istirahət arzulayırıq!




