31 mart Azərbaycan tarixində dərin iz buraxmış faciəli günlərdən biridir. 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr nəticəsində minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, xalqımıza qarşı ağır soyqırımı törədilmişdir. Bu hadisələr xalqımızın yaddaşına qanlı bir səhifə kimi həkk olunmuşdur.
31 Mart Azərbaycanlıların Soyqırımı zamanı Bakı, Şamaxı, Quba və digər bölgələrdə dinc əhaliyə qarşı törədilən vəhşiliklər təkcə bir millətə deyil, bütövlükdə insanlığa qarşı cinayət idi. Qadınlar, uşaqlar və yaşlılar xüsusi qəddarlıqla qətlə yetirilmiş, mədəni və tarixi abidələr məhv edilmişdir.
Bu faciənin obyektiv şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması müstəqillik əldə etdikdən sonra mümkün olmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanmış fərmanla 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” kimi rəsmiləşdirilmişdir.
Bu gün biz həmin faciə qurbanlarının xatirəsini dərin hüznlə yad edir, onların ruhu qarşısında baş əyirik. Tariximizi unutmaq deyil, onu öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Bu kimi faciələrin bir daha təkrarlanmaması üçün milli yaddaşımızı qorumaq və həqiqətləri dünyaya çatdırmaq vacibdir.
31 Mart – yalnız bir matəm günü deyil, həm də tariximizi xatırlamaq, birlik və həmrəylik nümayiş etdirmək günüdür.



