“İqtisadiyyat və idarəetmə” fakültəsində fakültə rəhbərliyi və fakültədə fəaliyyət göstərən təşkilatların – TGT, TEC, THİK, YAP-ın birgə əməkdaşlığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir fakültənin həyətində ucaldılmış soyqırım qurbanlarının xatirə abidəsini ziyarət etməklə başlanılıb. Müəllim və tələbələr abidə önünə tər çiçəklər düzərək, faciə qurbanlarının əziz xatirəsinə olan dərin ehtiramlarını bildiriblər.
Daha sonra tədbirlə bağlı çıxışlar dinlənilmişdir. Çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində törədilən kütləvi qırğınların tarixi faktlarından danışıblar. Bildirilib ki, bu qanlı hadisələr xalqımızın yaddaşından silinməyən ağrılı bir tarixdir və gənc nəslin bu faktları dərindən öyrənməsi və milli yaddaşın qorunması mühüm əhəmiyyət kəsb edir.
Tədbir zamanı soyqırım dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub, tələbələrin hazırladıqları məruzələr dinlənilib. Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə bu hadisələrə siyasi-hüquqi qiymət verilib və 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Anım mərasimi qan yaddaşımızın unudulmaması və milli birliyimizin gücləndirilməsi mesajları ilə yekunlaşıb.



















