Fakültəmizdə tələbələrin intellektual potensialını üzə çıxaran, eyni zamanda milli-mənəvi dəyərlərimizi təbliğ edən möhtəşəm tədbir reallaşdırılıb. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan “İqtisadçı-İntellektual Bilik Yarışı” gənclərin və akademik heyətin böyük marağına səbəb olub. Gərgin və maraqlı mübarizədə tələbələr bir neçə mühüm istiqamət üzrə öz biliklərini nümayiş etdiriblər. Suallar əsasən üç böyük blokda qruplaşdırılmışdı:
- Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti: Müasir Azərbaycanın qurucusunun dövlətçilik irsi və xilaskarlıq missiyası;
- Qarabağ – Tariximiz, zəfərimiz və coğrafiyamız: Şanlı Qələbəmiz, işğaldan azad olunmuş torpaqlarımızın tarixi və coğrafi əhəmiyyəti;
- Azərbaycanın ümumi tarixi, mədəniyyəti və iqtisadiyyatı: Ölkəmizin keçmişi ilə gələcəyi arasında körpü quran iqtisadi uğurlar və zəngin mədəni irsimiz.
Fakültə rəhbərliyinin və müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə vurğulanıb ki, bu cür yarışmaların keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, onlarda komanda ruhunu inkişaf etdirmək və vətənpərvərlik hisslərini gücləndirməkdir.
Ümumilikdə 16 komandanın iştirak etdiyi yarışda yekun ballara əsasən “Qarabağ” komandası qalib gəldi. “İqtisadiyyat və İdarəetmə” fakültəsinin gənc iqtisadçıları sübut etdilər ki, onlar yalnız rəqəmlər və analizlərlə deyil, həm də ölkəmizin tarixi və mədəniyyəti sahəsində dərindən məlumatlıdırlar.
Tədbirin sonunda fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub və bu növ intellektual oyunların ənənəvi hal alacağı qeyd edilib.






