Bu gün Azərbaycanın elm və səhiyyə tarixinə adını qızıl hərflərlə yazdırmış görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. O, təkcə peşəkar həkim deyil, həm də xalqının sevgisini qazanmış nəcib bir insan, şəfalı əlləri ilə minlərlə insana işıq bəxş edən nur mənbəyi idi.
Zərifə xanım Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin ən parlaq səhifələrindən biridir. O, vaxtilə ölkəmizdə geniş yayılmış traxoma xəstəliyinin kökünün kəsilməsində, eləcə də peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsində müstəsna xidmətlər göstərib.
Onun apardığı tədqiqatlar və elmi yeniliklər təkcə Azərbaycanın deyil, dünya oftalmologiyasının diqqət mərkəzində olmuşdur. Məhz bu uğurlarına görə o, keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən nüfuzlu mükafatı olan M.İ.Averbax adına mükafata layiq görülən ilk qadın alim kimi tarixə düşmüşdür.
Zərifə xanım həm də Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan dahi şəxsiyyət Heydər Əliyevin sadiq ömür-gün yoldaşı və mənəvi dayağı idi. O, ailə dəyərlərinə bağlılığı, zərifliyi və xanımlığı ilə cəmiyyətdə hər zaman bir nümunə olub. Azərbaycanın bugünkü uğurlarının memarı olan Prezident İlham Əliyevin şəxsiyyət kimi formalaşmasında Zərifə xanımın ana sevgisi və tərbiyəsi mühüm rol oynamışdır.
Bu gün Zərifə xanım Əliyevanın adı xəstəxanalara, elmi mərkəzlərə və küçələrə verilərək əbədiləşdirilib. Lakin onun ən böyük abidəsi xalqın qəlbində ucalan sevgi abidəsidir. Onun yaratdığı elmi məktəb bu gün də gənc oftalmoloqlar tərəfindən davam etdirilir.
“Zərifə xanım öz xalqına xidmət etməyi həyatının amalı seçmişdi. O, sadəcə insanların gözünə nur deyil, həm də onların qəlbinə ümid və sevinc bəxş edirdi.”
Azərbaycan tibb elminin parlaq siması, akademik Zərifə xanım Əliyevanı ehtiramla anırıq!
