Tələbələr üçün “Sahibkarlıq fəaliyyətində kiçik və orta müəssisələr” mövzusunda açıq dərs keçirilib

İqtisadiyyat və idarəetmə fakültəsində “İdarəetmə” kafedrasının müəllimi Xaliq Quliyev tərəfindən “Sahibkarlığın əsasları və biznesə giriş” fənni üzrə “Biznesin idarə edilməsi” ixtisası (III kurs) tələbələrinə “Sahibkarlıq fəaliyyətində kiçik və orta müəssisələr” mövzusunda maraqlı bir açıq dərs keçirilmişdir. Dərsdə fakültə dekanı dosent Məsim Abadov, “İdarəetmə” kafedrasının müdiri dosent Afəddin Həmidov, kafedranın müəllimləri – Kamil Cəfərov, Aysu Paşayeva, Lamiə Babayeva, Kubra Cəfərova,  Ulduz Mehdiyeva iştirak etmişlər.

Dərs zamanı müasir iqtisadiyyatda kiçik və orta biznesin (KOB) rolu, bu müəssisələrin çevikliyi və məşğulluğun təmin edilməsindəki əhəmiyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, iqtisadi artımın drayveri hesab olunan kiçik və orta sahibkarlıq subyektləri innovasiyaların tətbiqi və rəqabət mühitinin formalaşmasında xüsusi çəkiyə malikdir.

Açıq dərsdə aşağıdakı əsas istiqamətlər təhlil olunub:

  • Kiçik və orta müəssisələrin təsnifləşdirilməsi meyarları;
  • KOB-ların üstünlükləri və qarşılaşdıqları əsas risklər;
  • Dövlətin sahibkarlığa dəstək mexanizmləri;
  • Azərbaycanda kiçik biznesin inkişaf perspektivləri.

Mühazirə interaktiv formada təşkil olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və real biznes keysləri üzərində müzakirələr aparılıb. Fakültə rəhbərliyi və kafedra əməkdaşlarının da iştirak etdiyi dərsdə tələbələrin mövzuya marağı yüksək qiymətləndirilib.

Sonda vurğulanıb ki, bu kimi dərslərin keçirilməsi tələbələrin nəzəri biliklərini praktiki nümunələrlə möhkəmləndirməsinə və gələcək sahibkarlıq fəaliyyətlərində düzgün strategiya qurmalarına kömək edir.

Xaliq müəllimə elmi fəaliyyətində uğurlar arzu edirik!