“İqtisadiyyat və idarəetmə” fakültəsinin “İdarəetmə” kafedrasının iqtisad üzrə fəlsəfə doktoru, baş müəllimi Həcər Orucovanın müasir dövrün ən aktual iqtisadi modellərindən biri olan “Dairəvi iqtisadiyyat və eko-innovasiyalar: qlobal təcrübə və Azərbaycanın inkişaf perspektivləri” mövzusuna həsr olunmuş elmi-nəzəri seminarı baş tutub. Seminarın əsas məqsədi resurslardan səmərəli istifadə, tullantısız istehsal texnologiyaları və ekoloji innovasiyaların milli iqtisadiyyata inteqrasiyası imkanlarını elmi müstəvidə təhlil etməkdir.
Məruzəçi çıxışında ənənəvi “götür-düzəlt-at” xətti modelindən fərqli olaraq, dairəvi iqtisadiyyatın bərpaolunan enerji mənbələrinə və materialların təkrar dövriyyəsinə əsaslanan üstünlüklərini qeyd etmişdir. Xüsusilə, Avropa İttifaqı və inkişaf etmiş ölkələrin bu sahədəki qabaqcıl təcrübəsi nümunə gətirilərək, ekoinnovasiyaların həm ətraf mühitin qorunmasında, həm də müəssisələrin rəqabət qabiliyyətinin artırılmasında oynadığı rol geniş şərh olunub.
Seminarın gedişatında Azərbaycanın “2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əks olunan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” hədəfinə nail olunması istiqamətində görülən işlər diqqətə çatdırılıb. Məruzədə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin yaşıl iqtisadiyyata keçid üçün mühüm platforma olduğu vurğulanıb.
Müzakirə olunan əsas istiqamətlər:
- Dairəvi iqtisadiyyatın nəzəri-metodoloji əsasları;
- Ekoinnovasiyaların investisiya cəlbediciliyinə təsiri;
- Ekoinnovasiyaların uğurlu nəticə verdiyi ölkə və şirkətlərin təcrübələrinin Azərbaycan strateji inkişaf proqramlarına daxil edilməsi;
- Təhsil müəssisələrində ekoloji maarifləndirmə və elmi tədqiqatların stimullaşdırılması.
Seminarın sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, dinləyicilərin sualları cavablandırılmışdır. Bu kimi elmi seminarların keçirilməsi universitetin elmi potensialının artırılmasına və müasir iqtisadi paradiqmaların tədris prosesinə dərindən nüfuz etməsinə xidmət edir.
Həcər müəlliməyə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!





