İqtisadiyyat və idarəetmə fakültəsində empirik təhlillərə əsaslanan elmi seminar keçirilib

“İqtisadiyyat” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Kənan Rəhimovun “Azərbaycanda emal sənayesinin inkişaf dinamikası və dövlət investisiyalarının təsiri: empirik təhlil (2005–2024)” mövzusunda elmi-nəzəri seminarı baş tutmuşdur. Seminarda fakültə rəhbərliyi, kafedra müdürləri, müəllim və tələbə heyəti iştirak etmişlər.

Seminarda Azərbaycanın emal sənayesinin inkişaf dinamikası, dövlət investisiyalarının sənaye istehsalına təsiri və bu təsirin ekonometrik üsullarla qiymətləndirilməsi məsələləri geniş şəkildə təhlil edilmişdir. Təqdimat çərçivəsində 2005–2024-cü illəri əhatə edən statistik məlumatlar əsasında emal sənayesi istehsalı, dövlət investisiyaları, sənaye ixracı və məşğulluq göstəricilərinin dəyişmə meyilləri araşdırılmış, Pearson korelyasiya analizi, sadə və çoxamilli OLS regresiya modelləri, eləcə də zaman gecikməsini nəzərə alan lagged regresiya modeli vasitəsilə empirik nəticələr əldə edilmişdir. Statistik hesablamalar və ekonometrik qiymətləndirmələr Microsoft Excel proqramının analitik alətləri vasitəsilə aparılmış, regresiya nəticələri müxtəlif statistik göstəricilər əsasında təhlil edilmişdir.

Seminar zamanı aparılmış təhlillərin nəticələri əsasında dövlət investisiyalarının emal sənayesinin inkişafında mühüm rol oynadığı, lakin sektorun inkişafının çoxfaktorlu və dinamik xarakter daşıdığı vurğulanmışdır.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında faydalı elmi müzakirələr aparılmışdır.

Kənan müəllimə elmi pedaqoji fəaliyyətində uğurlar arzu edirik!