Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin kollektivi, universitetin professor-müəllim heyəti və tələbələri çox sevilən və dəyərli pedaqoq, “Menecment və turizm işi” kafedrasının müəllimi Azadə Murad qızı Vəliyevanın vəfatından dərindən sarsılmışdır.
Azadə xanım 22 fevral 1973-cü ildə Goranboy rayonunun Nizami kəndində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra, 1990–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə ali təhsil almışdır.
O, elmi-pedaqoji fəaliyyətə böyük həvəslə bağlanaraq, 2017-ci ildə Gəncə Dövlət Universitetinin “Ümumi iqtisadiyyat” kafedrasının fəlsəfə doktoru proqramı üzrə doktoranturasına (dissertanturasına) qəbul olmuş və “Sahibkarlıq fəaliyyətinin informasiya təminatının yaxşılaşdırılması istiqamətləri” mövzusunda elmi tədqiqat işi üzərində çalışırdı.
Müxtəlif istehsalat və xidmət sahələrində qazandığı təcrübədən sonra, o, 2014-cü ildən etibarən ömrünü Gəncə Dövlət Universitetinə bağlamışdır. İqtisadiyyat və İdarəetmə fakültəsində çalışdığı illər ərzində yüksək ixtisaslı kadrların hazırlanmasında, tələbələrin iqtisadi biliklərə dərindən yiyələnməsində böyük əmək sərf etmişdir.
O, həmçinin fəal elmi yaradıcılıqla məşğul olmuş, yerli və beynəlxalq indeksli jurnallarda, o cümlədən ABŞ və Avropanın nüfuzlu elmi nəşrlərində işıq üzü görmüş bir çox elmi məqalənin, konfrans materialının müəllifi idi. Geniş dil biliyinə malik olan müəlliməmiz, 2011-ci ildən həm də Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvü kimi ictimai fəaliyyət göstərirdi.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanlığı, kafedra əməkdaşları və tələbə kollektivi adından mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Nümunəvi pedaqoq, xeyirxah insan və dəyərli xanımın işıqlı xatirəsi bizlərin, onu sevən həmkarlarının və tələbələrinin qəlbində daim yaşayacaqdır.
ALLAH RƏHMƏT ELƏSİN!

