15 İyun – Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi dönüş nöqtəsi

15 İyun Azərbaycan xalqının tarixinə sadəcə bir təqvim günü kimi deyil, dövlətçiliyimizin xilas olduğu, milli intibahın əsasının qoyulduğu müqəddəs bir tarix – Milli Qurtuluş Günü kimi həkk olunub.

1993-cü ilin iyun ayında Azərbaycan öz müstəqilliyini yenicə bərpa etsə də, daxili xaos, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran və Ermənistanın hərbi təcavüzü səbəbindən ölkə parçalanmaq və bir dövlət kimi yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbi və çağırışı ilə ümummilli lider Heydər Əliyev Bakıya qayıtdı və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Bu qayıdış ölkəni gözləyən böyük fəlakətlərin qarşısını aldı. Heydər Əliyevin nümayiş etdirdiyi qətiyyət, müdrik siyasət və sarsılmaz iradə sayəsində ölkədə qanunsuz silahlı qruplaşmalar zərərsizləşdirildi, daxili sabitlik bərpa olundu və dövlətçiliyin möhkəm təməlləri atıldı.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu qurtuluş fəlsəfəsi bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1993-cü ildə dövlətimizin xilası ilə başlayan yol, 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfərlə və torpaqlarımızın tam suverenliyinin bərpası ilə öz məntiqi zirvəsinə ucaldı.

Bu gün Milli Qurtuluş Gününü həm də ərazi bütövlüyünü tam bərpa etmiş, üçrəngli bayrağı Şuşada, Xankəndidə, Xocalıda əzəmətlə dalğalanan qalib bir xalq kimi qeyd edirik.

Qurtuluş günü münasibətilə fakültəmizin fəal tələbəsi, GDU TEC Elmi işlər üzrə Sədr Müavini Abdullayev Rəhman məqalə hazırlamışdır:

“15 İyun – Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində müstəsna rol oynayan Ulu Öndər Heydər Əliyev olub.
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli Liderin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Ulu öndərin Azərbaycan Parlamentinin Sədri seçildiyi gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü, sadəcə, təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Heydər Əliyev idi. İyunun 15-dən sonra Azərbaycanda ulu öndərin xilaskarlıq missiyası uğurla reallaşmağa başladı. Beləliklə, xalqımız özünün əsl müstəqilliyinə və dövlətçiliyinə 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. Bu gün O günlərdən 33 il ötür. Aradan keçən bu illər təkcə sözügedən qayıdışa bəslənən ümidlərin özünü doğrultması ilə yadda qalmadı, həm də Azərbaycanın bugünkü inkişafının etibarlı bünövrəsi qoyuldu. Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti ölkəmizi sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan gələcəkdə də dünyanın ən güclü dövlətlərindən biri kimi tanınacaqdır.”

15 İyun – milli qürurumuzun, dirçəlişimizin və sarsılmaz birliyimizin rəmzidir. Bayramınız mübarək, əziz həmvətənlər!