23 iyun 2026-cı il tarixdə İqtisadiyyat və idarəetmə fakültəsinin Elmi Şura üzvlərinin iştirakı ilə növbəti iclas keçirilib. Fakültə dekanlığının, kafedra müdirlərinin və professor-müəllim heyətinin iştirak etdiyi iclasda tədris prosesinin cari vəziyyəti, imtahanların təşkili və qarşıda duran mühüm məsələlər ətraflı müzakirə olunub.
İclasın gündəliğinə uyğun olaraq, ilk növbədə fakültənin nəzdində olan kafedralarda tədris-metodiki sahədə görülən işlər haqqında hesabatlar dinlənilib, bu istiqamətdə əldə olunan nəticələr və qarşıda duran vəzifələr təhlil edilib. Daha sonra hazırda davam edən yay imtahan sessiyasının gedişi barədə məlumat verilib, tələbələrin akademik göstəriciləri və keyfiyyətli imtahan mühitinin təmin edilməsi istiqamətində görülən işlər barədə danışılıb.
Daha sonra tələbələrin fərdi iş planlarının hazırlanması və təşkili məsələləri müzakirə olunub. Bildirilib ki, tədris planlarının səmərəli idarə olunması fakültənin əsas prioritetlərindən biridir. Bununla yanaşı, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə II, III və IV kurslarda keçilən fənlərin imtahan formaları ətrafında fikir mübadiləsi aparılaraq müvafiq təkliflər dəyərləndirilib.
İclasda həmçinin kadr potensialının gücləndirilməsi məqsədilə müsabiqə yolu ilə professor-müəllim heyətinin seçkisi keçirilib.
Sonda cari məsələlər ətrafında geniş müzakirələr aparılıb və gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.







