Gənc mütəxəssislər uğurla müdafiə etdilər: “Turizm işinin təşkili” ixtisası üzrə buraxılış işlərinin müdafiəsi baş tutub

Fakültənin “Menecment və turizm işi” kafedrasının “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin bakalavr dərəcəsi almaq üçün hazırladıqları buraxılış işlərinin rəsmi müdafiəsi uğurla baş tutub.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Məsim Abadov tələbələri və qonaqları salamlayaraq, bu günün həm tələbələr, həm də müəllimlər üçün çox qürurverici olduğunu vurğulayıb. Dekan öz çıxışında ölkəmizdə turizm sektorunun sürətli inkişafından və bu sahədə peşəkar, müasir dünyagörüşünə malik kadrların hazırlanmasının vacibliyindən bəhs edərək, gənc məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra “Menecment və turizm işi” kafedrasının müdiri dosent Əli Allahverdiyev çıxış edərək, buraxılış işlərinin mövzularının aktuallığına diqqət çəkib. O, tələbələrin dörd il ərzində qazandıqları nəzəri bilikləri tədqiqat işlərində uğurla tətbiq etdiklərini və hər bir mövzunun regional və milli turizmin müasir problemlərinə, eləcə də inkişaf perspektivlərinə həsr olunduğunu qeyd edib.

Müdafiə prosesi Komissiyanın sədri və komissiya üzvləri — professor Arzu Həsənov, dosent Yusif Hümbətov, dosent Nazilə İsgəndərova tərəfindən idarə olunub.

Tələbələr hazırladıqları təqdimatlarla komissiya qarşısında çıxış edərək, tədqiqatlarının məqsədini, gəldikləri elmi nəticələri və praktiki təkliflərini inamla müdafiə ediblər. Xüsusilə regional turizm potensialının qiymətləndirilməsi, turizmdə xidmət standartları və müasir idarəetmə üsulları ilə bağlı mövzular komissiya üzvləri tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatlardan sonra komissiya üzvləri tələbələrə mövzular ətrafında suallar ünvanlayıblar. Tələbələr sualları dolğun və elmi əsaslarla cavablandıraraq daxili və xarici turizm bazarına dair yüksək hazırlıq səviyyələrini nümayiş etdiriblər.

Sonda komissiya tərəfindən buraxılış işləri yüksək qiymətləndirilib. Çıxış edən müəllimlər və valideynlər tələbələrin bu uğurunu böyük fəxr hissi ilə qarşılayıb, onların gələcəkdə turizm sənayesinə və ölkə iqtisadiyyatına dəyərli töhfələr verəcək mütəxəssislər olacaqlarına əminliklərini ifadə ediblər.

Gənc məzunlarımızı ürəkdən təbrik edir, onlara rəqabətədavamlı kadr kimi peşəkar karyera yollarında yeni-yeni zirvələr fəth etməyi arzulayırıq!