Azərbaycan Silahlı Qüvvələrinin Yaradılması və İnkişaf Tarixi: Cümhuriyyətdən Zəfərə doğru

Tarix boyu güclü dövlət anlayışı birbaşa olaraq güclü ordu amili ilə ölçülmüşdür. Müstəqil Azərbaycan Respublikasının müasir hərb tarixində bu həqiqət təsadüfi uğurlarla deyil, ardıcıl siyasi iradə, sistemli ordu quruculuğu və qətiyyətli liderlik nümunəsi sayəsində öz təsdiqini tapmışdır. Azərbaycan Silahlı Qüvvələrinin yaranması, formalaşması və beynəlxalq miqyasda qalib bir orduya çevrilməsi tarixi varislik prinsiplərinə əsaslanan vahid bir strateji xəttin davamlı inkişaf yoludur. Bu şərəfli yol Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi addımlarından başlayaraq, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik konsepsiyası ilə möhkəmlənmiş və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfərlə taclandırılmışdır.

Azərbaycan hərb tarixinin ən mühüm səhifələrindən biri 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin qərarı ilə Transqafqaz korpusunun müsəlman strukturlarından Əlahiddə Azərbaycan Korpusunun yaradılmasıdır. Bu tarixi qərar müasir ordumuzun rəsmi doğum günü və təməl daşı hesab olunur. Müsəlman Korpusunun bazasında təşkil olunan bu hərbi vahidin ilk komandanı general-leytenant Əliağa Şıxlinski təyin edilmişdir.

Yaranma mərhələsində ordunun əsgər sayı olduqca az (təxminən 5000 nəfər) və silah-sursatı yetərsiz idi. Mövcud hərbi-siyasi durum fonunda Osmanlı ordusu ilə gücləri birləşdirərək Qafqaz İslam Ordusu təşkil edildi və bu birləşmə 1918-ci il sentyabrın 15-də Bakını erməni-bolşevik işğalından azad edərək şəhəri gənc respublikanın paytaxtı elan etdi.

1918-ci il noyabrın 1-də AXC Hökuməti tərəfindən Hərbi Nazirlik rəsmən bərpa edildi. Cümhuriyyətin elan edilməsi haqqında İstiqlal Bəyannaməsinə imza atan 26 nəfərdən biri — Odessada ali tibb təhsili almış, görkəmli dövlət xadimi Xosrov bəy Sultanov respublikanın birinci hökumət kabinetində ilk hərbi nazir postuna layiq görüldü. Sonrakı dövrdə Qarabağın general-qubernatoru kimi də mühüm xidmətlər göstərən Xosrov bəy Sultanov, 1919-cu ilin mayında rəhbərlik etdiyi Azərbaycan əsgərləri ilə daşnak generalı Dronun hərbi dəstələrini darmadağın edərək Əsgəran keçidini, Xankəndini və Şuşanı geri almışdır.

1918-ci il dekabrın 25-də isə tam artilleriya generali Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski isə onun müavini təyin olundu. Hərbi təhsili olmamasına baxmayaraq çar ordusunda böyük rütbələr qazanmış bu iki peşəkar sərkərdə milli ordunu faktiki olaraq sıfırdan qurdular. 1918-ci il noyabrın 17-də Bakıya daxil olan ingilis qoşunlarının tələbi ilə Hərbi Nazirlik Gəncəyə köçürülsə də, S. Mehmandarovun təşkilatçılığı sayəsində ordu quruculuğu ləngimədi. Onun təşəbbüsü ilə Gəncədə Praporşiklər (sonradan Hərbiyyə) məktəbi, İstehkamçılar, Hərbi dəmiryolçular və Şuşada hərbi-feldşer məktəbləri açıldı. 1919-cu ilin sonuna qədər şəxsi heyətin sayı 25 min nəfərə çatdırıldı, ilk hərbi geyim forması və hərbi andın mətni qəbul edildi.

Səməd bəy Mehmandarovun 1919-cu ildə imzaladığı tarixi əmrlə Azərbaycan dili orduda rəsmi dövlət dili elan olundu və qeyri-azərbaycanlı zabitlərə əsgərlərlə ünsiyyət qurmaq üçün bu dili öyrənmək öhdəliyi qoyuldu. 1920-ci ilin martında Qarabağda erməni təcavüzünün qətiyyətlə dəf edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin ən mühüm nəticələrindən biri oldu.

Bolşevik işğalından sonra hər iki general qırmızı terror və həbs təhlükəsi ilə üz-üzə qalsa da, Nəriman Nərimanovun V.İ.Leninə yazdığı məktub sayəsində xilas olaraq sonrakı illərdə hərbi elmi-pedaqoji fəaliyyətlərini davam etdirmiş, milli kadrların yetişdirilməsinə töhfə vermişlər. Hərb elmində “Şıxlinski üçbucağı” və “Şıxlinski formulu” kimi nəzəri yeniliklərin, ilk hərbi lüğət və “Xatirələrim” memuarının müəllifi olan Əliağa Şıxlinski və hərbi quruculuğun memarı Səməd bəy Mehmandarov xalqımızın yaddaşına adlarını qızıl hərflərlə həkk etmişlər. 2014-2015-ci illərdə dövlət səviyyəsində bu generalların yubileylərinin keçirilməsi respublikamızda hərb tarixinə verilən yüksək qiymətin bariz nümunəsidir.

1920-ci il bolşevik işğalından sonra müstəqil ordu quruculuğu prosesi dayansa da, azərbaycanlı gənclərin hərb sənətinə cəlb edilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə yenidən strateji hədəfə çevrildi. Dahi şəxsiyyətin uzaqgörənliyi və böyük əziyyətləri sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəb təsis edildi.

Ulu Öndər hələ o dövrdə dərk edirdi ki, gələcəkdə müstəqilliyin qorunması üçün milliləşdirilmiş hərbi kadr bazası mütləq şərtdir. Bu tədris ocağı azərbaycanlı gənclərin ittifaqın müxtəlif şəhərlərindəki ali hərbi məktəblərə daxil olmasını və milli zabit heyətinin formalaşmasını təmin etdi. Qarabağ müharibəsi başlayanda məhz bu məktəbin məzunları Vətənin harayına səs verərək ön cəbhəyə yollandılar. Məktəbin yetirmələrindən 10 nəfərdən çoxu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (Rasim İbrahimov, Əfqan Hüseynov, Elşad Əhədov, Mətləb Quliyeva, Eldar Məmmədov və b.), yüzlərlə məzun isə orden və medallarla təltif olunmuşdur.

2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərən polkovnik-leytenant Murad Mirzəyev (ölümündən sonra) və polkovnik Şükür Həmidov da bu məktəbin yetirmələridir. 2018-2019-cu illərdə Ali Baş Komandan İlham Əliyevin diqqəti ilə liseydə əsaslı təmir və yenidenqurma işləri aparılmış, onun maddi-tekniki bazası müasir tələblər səviyyəsinə çatdırılmışdır. Bu gün də respublikanın bütün güc strukturlarında xidmət edən peşəkar zabitlərin böyük əksəriyyəti məhz Heydər Əliyevin “öz övladım” adlandırdığı bu təhsil ocağından pərvazlanmaqdadır.

1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bəyan edən Azərbaycan daxili nizamsızlıq, vahid komandanlığın olmaması və pərakəndəlik ucbatından ciddi təhlükəsizlik böhranı ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev genişmiqyaslı hərbi islahatlara start verərək pərakəndə dəstələri ləğv etdi və Silahlı Qüvvələri vahid mərkəzi komandanlıq altında birləşdirdi.

Ulu Öndər ordu quruculuğunu sadəcə hərbi məsələ deyil, dövlətçilik konsepsiyasının əsas dayağı hesab edirdi. Onun rəhbərliyi ilə orduda ciddi nizam-intizam bərqərar olundu, hərbi intizam və mənəvi-psixoloji hazırlıq ön plana çəkildi.

Milli Ordu quruculuğunda tarixi varislik ənənələrinin bərpası istiqamətində ən mühüm addım isə Ümummilli Liderin 22 may 1998-ci il tarixli Fərmanı oldu. Bu qanuni sənədlə 1918-ci ildə ilk əlahiddə Azərbaycan korpusunun yarandığı gün — 26 iyun tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi və müasir ordumuzun AXC ordusunun birbaşa varisi olduğu rəsmən təsdiqləndi.

Ulu Öndər Heydər Əliyevin strateji xəttini yaradıcı şəkildə inkişaf etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunu keyfiyyətcə yeni, müasir inkişaf mərhələsinə yüksəltdi. Həyata keçirilən sistemli islahatlar nəticəsində ordu ən müasir hərbi texnika, pilotsuz uçuş aparatları (PUA), yüksək dəqiqlikli silahlar və rəqəmsal texnologiyalarla təchiz edildi. Ölkədə hərbi sənaye kompleksinin qurulması və yerli istehsal imkanlarının genişləndirilməsi ordunun maddi-texniki müstəqilliyini gücləndirdi.

Dövlət başçısının hərbi hissələrə mütəmadi səfərləri, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar şəxsi heyətdə yüksək döyüş ruhu və sarsılmaz inam formalaşdırdı. Məhz bu hazırlığın məntiqi nəticəsi olaraq, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ — Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni nəsil müharibə nümunəsi kimi düşən mükəmməl döyüş taktikası nümayiş etdirdi. “Dəmir yumruq” əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad edildi, dövlətimizin ərazi bütövlüyü bərpa olundu və əldə edilən hərbi qələbə diplomatik müstəvidə də qəti şəkildə möhkəmləndirildi.

Azərbaycan Silahlı Qüvvələrinin 1918-ci il 26 iyundan başlayan şərəfli təkamül yolu dövlətimizin müdafiə sisteminin və milli təhlükəsizlik konsepsiyasının formalaşma mərhələlərini tam dolğunluğu ilə əks etdirir. Bu zəngin hərb irsi bu gün də dövlət səviyyəsində qorunur və gənc nəslə təbliğ edilir. Elə rəsmi fəaliyyət kontekstində, 25 iyun 2026-cı il tarixində Milli Kitabxanada “26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü” adlı virtual və ənənəvi kitab sərgisinin istifadəçilərə təqdim olunması, burada nümayiş etdirilən arxiv sənədləri, fotolar və dövri mətbuat materialları xalqımızın öz ordusuna, şəhid və qazilərinə bəslədiyi tükənməz ehtiramın ən bariz və aktual sübutudur.

Hazırladı: GDU İqtisadiyyat və idarəetmə fakültəsinin Biznesin idarə edilməsi ixtisasının II kurs tələbəsi Selcan Ramil qızı Əhmədova