2020-ci ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat və ona qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatından 6 il ötür. Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə sadəcə sərhəd toqquşması kimi deyil, eyni zamanda xalqın ordu ilə birliyini nümayiş etdirən və 44 günlük Vətən Müharibəsinə aparan magistral yolun əsas başlanğıc nöqtəsi kimi həkk olunmuşdur.
Fakültəmizin İqtisadiyyat ixtisasının tələbəsi, GDU TEC Elmi İşlər üzrə sədr müavini Abdullayev Rəhman Qalib oğlu tərəfindən Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş məlumatverici məqalə hazırlanmışdır. Tələbənin mövzu ilə bağlı araşdırmasını və hazırladığı yazını diqqətinizə təqdim edirik:
“Azərbaycanın çoxəsrlik tarixinə yeni açılmış səhifə olan Zəfərimiz dünyaya dövlətimizin, xalqımızın gücünü, vüqarını göstərdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı. Bu dünya tarixində görünməmiş Vətən müharibəsi kimi qiymətləndirildi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi düşməndən azad etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və xalq-iqtidar birliyi 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasında böyük rol oynamış oldu. Azərbaycanın güclü və müasir ordusu düşmənə gücsüz olduğunu və özgə torpağında hökmranlığın sonunun olmadığını bir daha göstərmiş oldu. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll edərək düşmənə məğlubiyyəti yaşatdı. Təbii ki, ermənilər Azərbaycan ordusunun gücünü dəfələrlə görmüşdülər və nə vaxsa məğlub olmaları qaçılmaz idi. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusunun qarşısında duruş gətirmələri ağılasığmaz idi.
2020-ci ilin iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutmasından artıq 6 il ötür. Bu gün biz həmin tarixdən qalib xalq olaraq danışırıq. Bu, Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə təxribatı idi. Bu, Ermənistan tərəfinin Azərbaycana qarşı artilleriya hücumunun əvvəlcədən planlaşdırılmasını bir daha göstərmiş oldu. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Elçin Mustafazadə, Nazim İsmayılov, Xəyyam Daşdəmirov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov şəhid oldu. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak oldu.
Bu döyüşlər böyük Qələbənin Başlanğıcı oldu. Yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir Azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, fiziki cəhətdən dayaq, arxa, ona silahdaş oldu. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canları və qanları bahasına olsa da belə qorumağa hazır olduqlarını göstərdilər. Azərbaycanın döyüşən əsgəri, hər birimiz sənin yanındıyıq, – dedilər. Ali Baş Komandanın əmrini gözləyirik. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağımıza inam sonsuz idi. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyirdi. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. 44 günlük Vətən müharibəsi torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin – Mübarizlərin, Əliflərin, Poladların, İlqarların və neçə-neçə Vətən övladlarının qisası qiyamətə qalmadı.
Bu gün Tovuz Döyüşlərindən 6 İl ötür, Bu Tarix Azərbaycan Hərb Tarixində əbədi yaşayacaqdır.
Allah Vətən uğrunda canlarını fəda edən Bütün Şəhidlərimizə rəhmət eləsin.”
