Gəncə Dövlət Universitetində ikili diplom proqramı üzrə təhsil imkanları genişlənir

Gəncə Dövlət Universiteti beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və tələbələr üçün müasir təhsil imkanlarının yaradılması istiqamətində mühüm addımlar atmaqda davam edir. Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı əsasında İzmir Dokuz Eylül Universiteti ilə bağlanmış ikitərəfli müqaviləyə uyğun olaraq universitetdə ikili diplom proqramları çərçivəsində mütəxəssis hazırlığı həyata keçirilir.

Mövcud əməkdaşlıq çərçivəsində 2023/2024-cü tədris ilindən etibarən bakalavriat səviyyəsində Biologiya ixtisası üzrə ikili diplom proqramı uğurla icra olunur. Proqramın şərtlərinə əsasən, tələbələr təhsillərinin ilk iki ilini Türkiyə Respublikasında — İzmir Dokuz Eylül Universitetində, növbəti iki ilini isə Gəncə Dövlət Universitetində davam etdirirlər. Bu təhsil modeli tələbələrə beynəlxalq akademik mühitdə təhsil almaq, həmçinin hər iki ali təhsil müəssisəsinin elmi, pedaqoji və maddi-texniki imkanlarından yararlanmaq imkanı verir.

Universitetin beynəlxalq təhsil proqramlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, 2026/2027-ci tədris ilindən etibarən GDU-da İqtisadiyyat və Tarix ixtisasları üzrə də ikili diplom proqramlarına tələbə qəbulunun aparılması nəzərdə tutulur.

İqtisadiyyat ixtisası üzrə qəbul olunacaq tələbələr İzmir Dokuz Eylül Universitetinin tələbələri ilə birlikdə təhsillərinin ilk iki ilini Türkiyədə, sonrakı iki ilini isə Gəncə Dövlət Universitetində davam etdirəcəklər. Tarix ixtisası üzrə təhsil alacaq tələbələr isə təhsillərinin ilk iki ilini Gəncə Dövlət Universitetində, sonrakı iki ilini İzmir Dokuz Eylül Universitetində alacaqlar.

Qeyd edək ki, ikili diplom proqramlarının təhsil məzmunu qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmışdır. Təhsil proqramlarının hazırlanması zamanı ABŞ-ın Nyu-York Universitetinin və İtaliyanın Bolonya Universitetinin müvafiq proqramlarından istifadə edilmişdir. Eyni zamanda, İzmir Dokuz Eylül Universitetinin və proqramların həyata keçirildiyi müvafiq ixtisasların akkreditasiya göstəriciləri proqram məzunlarının əldə etdikləri bilik və bacarıqların beynəlxalq akademik və peşəkar mühitdə tanınmasına mühüm zəmin yaradır.

Tələbələrin təhsilə marağının artırılması və akademik fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Universitet Elmi Şurasının qərarına əsasən, ikili diplom proqramlarında normativ təhsil müddəti ərzində Gəncə Dövlət Universitetində müvəffəqiyyətlə təhsil alan dövrdə tələbələrə universitetin büdcədənkənar vəsaiti hesabına hər ay 300 manat məbləğində təqaüd verilməsi nəzərdə tutulur.

Bildiririk ki, ikili diplom proqramları üzrə təhsil ödənişli əsaslarla həyata keçirilir. Bununla yanaşı, proqram tələbələrə beynəlxalq standartlara uyğun təhsil almaq, xarici universitet təcrübəsi qazanmaq, iki ali təhsil müəssisəsinin akademik imkanlarından faydalanmaq, xarici dil və peşə bacarıqlarını inkişaf etdirmək, eləcə də gələcək karyera perspektivlərini genişləndirmək baxımından mühüm üstünlüklər təqdim edir.

Gəncə Dövlət Universiteti beynəlxalq təhsil imkanlarını genişləndirməklə gənclərin keyfiyyətli ali təhsil almasına, müasir bilik və bacarıqlara yiyələnməsinə, həmçinin rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına dəstək göstərməkdə davam edir.