Tələbəmiz IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransında böyük uğura imza atıb

Gəncə Dövlət Universitetində (GDU) tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, onların beynəlxalq və respublika səviyyəli elmi platformalarda təmsilçiliyinin təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər növbəti uğurlu nəticəsini verib.

Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbəsi, eyni zamanda GDU Tələbə Elmi Cəmiyyətinin (TEC) Elmi işlər üzrə sədr müavini Rəhman Abdullayev “Azərbaycan IV Beynəlxalq Elmi Tədqiqatlar Konfransı”nda ali təhsil müəssisəsini ləyaqətlə təmsil etmişdir.

Mötəbər elmi tədbirdə Rəhman Abdullayev “Azərbaycan iqtisadiyyatında mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları” mövzusunda məruzə ilə çıxış edərək, ölkə iqtisadiyyatının aktual məsələlərinə akademik baxış nümayiş etdirmiş, təhlilləri və irəli sürdüyü elmi təklifləri ilə konfrans iştirakçılarının və münsiflər heyətinin diqqətini cəlb etmişdir.

Uğurlu çıxışına və dəyərli elmi tədqiqatına görə tələbəmiz İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) İdarə Heyətinin sədri, professor Şahin Sadıqovİqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) Baş direktoru, doktor Mustafa Latif Emek tərəfindən Beynəlxalq Sertifikat ilə təltif olunmuşdur.

Fakültə rəhbərliyi və kollektivi adından gənc tədqiqatçımız Rəhman Abdullayevi bu mühüm elmi nailiyyəti münasibətilə samimiyyətlə təbrik edir, ona gələcək elmi və akademik fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!