GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ

Gələcək karyerasını dövlət qulluğunda, rəqəmsal marketinq və SMM sahəsində, turizm sektorunda, maliyyə-mühasibat və idarəetmə sistemində uğurla qurmaq istəyən hər bir gənci Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsini seçməyə dəvət edirik.

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsi 27 iyul 2007-ci il tarixində fəaliyyətə başlamışdır. Yaranmasından bəri keçən dövr ərzində fakültə bakalavriat səviyyəsinin yüksəldilməsi üzrə yüksəkixtisaslı məzunlar yetişdirərək respublikanın kadr potensialının gücləndirilməsinə mühüm töhfələr vermişdir.

Fakültədə tədris prosesi müasir standartlara uyğun təşkil olunmuş, tələbələrin həm akademik biliklərə yiyələnməsi, həm də vətəndaşlıq ruhunda tərbiyə olunması prioritet istiqamət kimi müəyyən edilmişdir. Tələbələrimiz universitet, şəhər və respublika miqyaslı bilik yarışlarında, intellektual turnirlərdə fəal iştirak edir və mütəmadi olaraq birinci yerin qalibi olurlar. Fakültə kollektivi və tələbləri universitet və şəhər səviyyəsində təşkil olunan ictimai sosial-siyasi və mədəni tədbirlərin fəal iştirakçısıdır. Kompleks təlim-tərbiyə prosesi tələbələrimizin milli ruhlu və hərtərəfli formalaşdırılmış mütəxəssis kimi yetişməsini təmin edir. Məhz bu səylərin nəticəsidir ki, məzunlarımız dövlət qulluğunda və digər məsul vəzifələrdə uğurla işə qəbul olunur, əmək bazarında rəqabətədavamlılığı ilə seçilir və karyera pillələrində inamla irəliləyirlər.

Bizim məqsədimiz savadlı, milli dəyərlərə sadiq və müasir əmək bazarının tələblərinə cavab verən lider kadrlar yetişdirməkdir.

Müasir tədris metodikamız sayəsində biznesdən dövlət idarə etməsinə, maliyyə və mühasibadan marketinq və menecmentə, turizmin təşkilindən bələdçiliyə qədər hər bir ixtisasın sirri tələbələrimizə ən yüksək səviyyədə aşılanır və onlar əmək bazarına tam hazır kadr kimi formalaşırlar.

Gələcəyin uğurlu karyerasına bizimlə başla!