Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyəti (TEC), Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Tarix yazan qəhrəmanlar!” adlı təsirli və yaddaqalan tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, fakültə dekanı dosent Məsim Abadov, İqtisadiyyat kafedrasının müdiri dosent Zakir Əhmədov, Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev, universitet media nümayəndələri və tələbələr iştirak etmişlər. Çıxış edən və tədbir iştirakçıları 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Böyük Zəfərdən bəhs ediblər. O dövrün canlı şahidi kimi çıxış edən Gülsüm Fətəliyeva erməni vandalizminin şahidi olduğu anları və xalqımızın nümayiş etdirdiyi birliyi səmimi xatirələri ilə diqqətə çatdırıb. Fakültə dekanı dosent Məsim Abadov vətənpərvərlik ruhunun aşılanması və milli yaddaşın qorunması istiqamətində öz dəyərli mülahizələrini bölüşərək gəncləri bu şanlı tarixdən dərs almağa səsləyib.
Çıxışçılar sırasında yer alan Menecment və turizm işi kafedrasının müdiri dosent Əli Allahverdiyev məsələyə geniş elmi-siyasi bucaqdan yanaşaraq, tutarlı faktlara və dərin analitik təhlilə əsaslanan konseptual çıxışı ilə tədbirin akademik çəkisini daha da artırıb.
Tədbirin ən təsirli və qürurverici məqamları isə şəhidlərimizin əziz yadigarları — şəhid Ruslan Abbasovun qızı, İqtisadiyyat ixtisasının ll kurs tələbəsi Maya Abbasova və şəhid Ağa Hüseynlinin bacısı, Menecment ixtisasının l kurs tələbəsi Nuranə Hüseynzadənin də çıxışları olub. Onların qəhrəman şəhidlərimizin Vətən sevgisi və keçdiyi şərəfli ömür yolu haqqında bölüşdükləri xatirələr auditoriyada duyğulu anlar yaşadıb. Tədbir çərçivəsində Mühasibat ixtisası lll kurs tələbəsi Banuçiçək Quliyevanın ifasında səslənən ruhoxşayan, vətənpərvərlik mövzulu şeir qiraətləri iştirakçılara xoş təsir bağışlayıb.
Yekun nitqində aparıcı Emiliya Əsgərova vurğulayıb ki, 27 Sentyabr sadəcə bir təqvim günü deyil, haqqın və cəsarətin zəfər çaldığı şanlı yolun başlanğıcıdır. Bu günün əsl mahiyyəti keçmişi xatırlamaqla yanaşı, azad olunmuş torpaqlarımızın əmanətinə layiq olmaq, elmdə və təhsildə yüksək nailiyyətlər qazanaraq güclü dövlətimizin bünövrəsini daha da möhkəmləndirməkdir.
Tədbirin sonunda əməyi olan hər kəsə səmimi xatirələrini bölüşən bütün natiqlərə və fəal iştiraklarına görə tələbələrə dərin minnətdarlıq ifadə olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!









