27 Sentyabr – Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və minnətdarlıq hissi ilə yad edildiyi müqəddəs gündür.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixində şərəf və qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun misilsiz şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birlik və həmrəyliyi sayəsində Zəfərlə nəticələnmişdir.
Bu tarixi Zəfərin əldə olunmasında ərazi bütövlüyümüz uğrunda canını fəda edən şəhidlərimizin müstəsna rolu vardır. Onların göstərdiyi qəhrəmanlıq, Vətənə bağlılıq və fədakarlıq hər bir azərbaycanlı üçün örnəkdir.
27 Sentyabr – Anım Günü bizə yalnız keçmişi xatırlatmır. Bu gün eyni zamanda Vətən sevgisinin, milli birliyin və dövlətçilik ruhunun gələcək nəsillərə ötürülməsi baxımından mühüm mənəvi əhəmiyyət daşıyır. Şəhidlərimizin həyat yolu və qəhrəmanlığı gənclərimizə Vətəni sevməyin, qorumağın və ona layiq vətəndaş olmağın ən böyük nümunəsidir.
Bu əziz gündə Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına səbir diləyirik.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
