Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı müasir şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) təhsilə inteqrasiyası yeni nəsil mütəxəssislərin formalaşmasında mühüm rol oynayır. Bu istiqamətdə Gəncə Dövlət Universitetində rəqəmsal idarəetmənin və elektron təhsil texnologiyalarının genişləndirilməsi layihələri uğurla icra olunur.
Tədris prosesinin elektronlaşdırılması və tələbələrin rəqəmsal imkanlardan səmərəli istifadəsini təmin etmək məqsədilə İqtisadiyyat və idarəetmə fakültəsində Eduman rəhbəri Səbinə Adıgözəlova tərəfindən “Mərkəzləşdirilmiş Təhsil İdarəetmə Sistemi – EDUMAN” və “Elektron İmtahan Sistemi”nin tətbiqinə dair maarifləndirici seminar keçirilib. Təlimdə tələbələrə sistemin funksionallığı, modulları və praktiki üstünlükləri ətraflı izah edilib.
Sistemin tətbiqi sayəsində:
- Təhsil sistemində idarəetmə tam informasiyalaşdırılır;
- Tələbələr şəxsi kabinetləri vasitəsilə təqvim planları, dərs cədvəlləri və tədris materiallarına rahat çıxış əldə edirlər;
- Tələbələrin davamiyyəti, attestasiyası və akademik göstəriciləri elektron jurnal və bazalarda operativ şəkildə yenilənir.
Təlim zamanı tələbələrə Müəllim və Tələbə kabineti, Elektron jurnal, Dərs cədvəli və Akademik təqvim kimi əsas modullardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Qeyd olunub ki, tələbələr həm daxili şəbəkə, həm də internet vasitəsilə öz şəxsi kabinetlərinə daxil ola bilərlər.
Seminarın sonunda tələbələrin EDUMAN və Elektron İmtahan Sistemi ilə bağlı sualları cavablandırılıb, sistemdə yarana biləcək texniki məsələlərlə bağlı fakültə administratoruna müraciət etmə qaydaları diqqətə çatdırılıb.






