İqtisadiyyat və İdarəetmə fakültəsində Tələbə Yönümlü Tədris:”Firmanın İdarə Edilməsi” və “Statistika” fənləri üzrə tətbiqi seminar dərsləri keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində tədris prosesinin keyfiyyətinin artırılması, tələbələrin analitik düşüncə və tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə interaktiv seminar dərslərinin təşkili davam etdirilir. Növbəti dərslərdə Biznesin idarə edilməsi və Marketinq ixtisaslarının tələbələri öz nəzəri bilikləri və təcrübi araşdırmaları ilə fəallıq nümayiş etdiriblər.

Biznesin idarə edilməsi ixtisasının II kurs tələbələri “Firmanın idarə edilməsi” fənni üzrə növbəti seminar dərsinə yüksək səviyyədə hazırlaşıblar. İdarəetmə kafedrasının müəllimi Lamiə Babayevanın rəhbərliyi ilə keçirilən dərsdə “Firmanın idarə edilməsi kursunun tədqiqat obyekti, predmeti və məzmunu” mövzusu ətraflı şəkildə işlənib.

Tələbələrin hazırladıqları əhatəli slaydlar və vizual materiallar vasitəsilə bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin idarə olunması mexanizmləri, idarəetmə münasibətləri və strateji qərarların qəbulu prosesi auditoriyanın diqqətinə çatdırılıb. Təqdimatdan sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və tələbələrin sualları cavablandırılıb.

Digər bir interaktiv seminar dərsi isə Marketinq ixtisasının II kurs tələbələrinin iştirakı ilə “Statistika” fənnindən təşkil olunub. İdarəetmə kafedrasının müəllimi Könül Quliyevanın rəhbərliyi ilə keçirilən məşğələdə “Statistik müşahidə” mövzusu müstəqil tədqiqat müstəvisində nəzərdən keçirilib.

Tələbələr nəzəri məlumatları tətbiqi materiallarla zənginləşdirərək, müxtəlif sahələr üzrə aparılmış real statistik müşahidələrin nəticələrini təqdim ediblər. Müxtəlif sektorlar üzrə məlumatların toplanması, statistik materialların işlənməsi və tətbiqi metodologiyaların əks olunduğu slaydlar maraqla qarşılanıb.

Hər iki seminar dərsi göstərir ki, tələbələrin sərbəst təqdimatlar hazırlaması və real nümunələr üzərində araşdırmalar aparması onların gələcək peşəkar vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Bu tür interaktiv dərslər tələbələrin yalnız akademik göstəricilərini yüksəltmir, aynı zamanda ictimai çıxış və komandada işləmək bacarıqlarını da gücləndirir.