Fakültəmizdə TEC xətti ilə 5 Oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, kafedra müdiləri, professor-müəllim heyəti, tələbə kollektivi iştira etmişlər.

Tədbirin aparıcısı Fakültə TEC sədri, Turizm işinin təşkili ixtisasının III kurs tələbəsi Güləsər Musayeva qonaqları salamlamış, giriş sözünü İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadova vermişdir. Fakültə dekanı peşəsinin şərəfli və məsuliyyətli missiyasından söhbət açıb, təhsil işçilərini əlamətdar gün münasibətilə samimiyyətlə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra fakültə tələbələrinin hazırladığı zəngin və maraqlı bədii-silsilə proqram təqdim olunub.

Proqram çərçivəsində tələbələr tərəfindən həm müasir mövzulara həsr edilmiş çıxışlar, həm də rəngarəng musiqi və rəqs nömrələri nümayiş etdirilib:

  • “Süni intellekt dövründə innovativ düşüncə” – Aysun Abdullayeva (Biznesin idarə edilməsi, II kurs)
  • “Azərbaycan oğluyam” mahnısı – Sübhan Həsənzadə (Marketinq, I kurs)
  • “Süni intellekt dövründə komanda idarəetməsi” – Şahsənəm Məhərrəmova (İqtisadiyyat, III kurs)
  • “Müəllim” şeiri – Banuçiçək Quliyeva (Mühasibat, III kurs) və Anar Vəliyev (Dövlət və bələdiyyə idarəetməsi)
  • “Gen-Z necə səyahət edir” – Mələk Hacıyeva (Turizm işinin təşkili, I kurs)
  • “Uzundərə” rəqsi – Solmaz Novruzova (Turizm işinin təşkili, III kurs)

Tədbirin sonunda tələbə heyətinin ifasında səslənən “Əziz müəllimim” mahnısı iştirakçılara xoş anlar bəxş edib və tədbir böyük coşğu ilə başa çatıb.

Tədbirin ərsəyə gəlməsində Fakültə TEC rəhbəri, İdarəetmə kafedrasının müəllim Könül Quliyevaya təşəkkür bildirilmiş və bu cür tədbirlərin davamlı olması arzu edilmişdir.