Fakültəmizdə I kurs tələbələri üçün Bolonya prosesi və kredit sisteminə dair maarifləndirici təlim keçirilib

7 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 1-ci kurs tələbələrinin ali təhsil mühitinə inteqrasiyasını təmin etmək və tədris prosesinin təşkili qaydaları ilə yaxından tanış etmək məqsədilə maarifləndirici təlim təşkil olunub.

Təlim Gəncə Dövlət Universiteti PHŞ-nin Tyutor xidmətinin rəhbəri Rəşad Məmmədov və I kurs tələbələrinin tyutoru Çinarə Alıyeva tərəfindən aparılıb. Tədbirdə fakültənin Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov və İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbələri iştirak ediblər.

Təlim zamanı çıxış edənlər Bolonya təhsil sisteminin mahiyyəti, kredit sisteminin tətbiqi qaydaları, tələbələrin akademik hüquq və vəzifələri, eləcə də davamiyyət və qiymətləndirmə meyarları haqqında geniş və ətraflı məlumat veriblər. Eyni zamanda, tyutor xidmətinin tədris prosesindəki rolu və tələbələrə göstərilən dəstək mexanizmləri diqqətə çatdırılıb.

Tələbələrin böyük marağına səbəb olan təlimin sonunda interaktiv müzakirələr aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.