İqtisadiyyat kafedrasının müəllimi Məhluqə Əliyeva tərəfindən açıq dərs keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin “İqtisadiyyat” kafedrasında tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və qabaqcıl pedaqoji təcrübənin bölüşülməsi məqsədilə 14 oktyabr 2026-cı il tarixində növbəti açıq dərs təşkil olunub.

Kafedranın müəllimi Məhluqə Əliyeva tərəfindən “İqtisadiyyat” ixtisasının III kurs tələbələrinə Ətraf mühitin iqtisadiyyatı fənnindən keçirilən mühazirə dərsi “Aqrar sənaye, meşə kompleksi və su təsərrüfatı sahələrinin ekoloji problemləri və onların həlli yolları” mövzusuna həsr edilib. Açıq dərsdə fakültə dekanı dosent Məsim Abadov, İqtisadiyyat kafedrasının müdiri, dosent Zakir Əhmədov, kafedranın müəllimləri Könül Əlizadə, Emiliya Əsgərova iştirak etmişlər.

Mühazirəçi Məhluqə Əliyeva dərsin gedişində aqrar-sənaye kompleksinin davamlı inkişaf prinsipləri, torpaq resurslarının mühafizəsi, meşə sahələrinin bərpası və su ehtiyatlarından səmərəli idarə olunması məsələlərinə geniş yer ayırıb. Ekoloji tarazlığın gözlənilməsinin müasir iqtisadi artım modelindəki rolu ətraflı şəkildə təhlil olunub. Müəllim, həmçinin təbiətdən istifadənin iqtisadi mexanizmləri, resursqənaətedici texnologiyaların tətbiqi və regional ekoloji problemlərin aradan qaldırılması yollarını əyani nümayişlər və praktiki nümunələrlə tələbələrin diqqətinə çatdırıb.

Müasir təlim metodlarına uyğun qurulan açıq dərsdə tələbələrin mövzu ətrafında aktiv diskussiyası təmin edilib, onların sualları cavablandırılıb. Yekun olaraq, açıq dərsdə mühazirənin elmi-metodiki səviyyəsini yüksək qiymətləndiriblər.

Məhluqə müəlliməyə pedaqoji fəaliyyətində uğurlar arzu edirik!