DÖVLƏT SUVERENLİYİ VƏ MÜSTƏQİLLİK ZƏFƏRİ: FAKÜLTƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Gəncə Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, fakültə dekanı dosent Məsim Abadov, Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımov, Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev, İdarəetmə kafedrasının müdiri dosent Afəddin Həmidov və fakültənin müəllim-tələbə kolletivi iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva müstəqillik tariximizin şərəfli səhifələrindən söhbət açaraq, bu əlamətdar günün dövlətçilik tariximizdəki müstəsna yerini və əhəmiyyətini vurğulayıb.

Daha sonra proqrama uyğun olaraq məruzələr dinlənilib:

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Məsim Abadov “Müstəqilliyimiz əbədidir” mövzusunda çıxış edərək, dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində görülən tarixi işlərdən bəhs edib.

Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev “Suverenliyimizin yenidən bərpası” mövzusunda məruzə ilə çıxış edərək, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının iqtisadi və siyasi əhəmiyyətini diqqətə çatdırıb.

Tələbələrin də fəal iştirak etdiyi tədbirdə Marketinq ixtisasının I kurs tələbəsi Aydan Nəsibova “Müstəqilliyin Bərpası Gününün tarixi əhəmiyyəti”, Mühasibat ixtisasının III kurs tələbəsi Banuçiçək Quliyeva isə “Azadlıq günümüz” mövzusunda çıxış edərək öz fəal vətəndaş mövqelərini və təəssüratlarını bölüşüblər.

Yekunda cıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb, müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı bir daha vurğulanıb.