Fakültədə “Sosial medianın həyatımızda rolu” mövzusunda maarifləndirici seminar keçirilib

Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində 14 oktyabr 2026-cı il tarixində 3-cü kurs Marketinq və Menecment ixtisası tələbələri üçün xüsusi maarifləndirici seminar təşkil olunub.

Bakı şəhərindən dəvət olunmuş təcrübəli marketinq mütəxəssisi Aqşin Nəbiyevin təqdimatında baş tutan seminar “Sosial medianın həyatımızda rolu” mövzusuna həsr olunub.

Tədbir İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm işinin təşkili üzrə IV kurs tələbəsi Tahirə Cabbarovanın təşəbbüsü və Humanitar işlər üzrə dekan müavini Xəqani Kazımovun təşkilati dəstəyi ilə həyata keçirilib.

Seminar çərçivəsində sosial medianın müasir cəmiyyətdə tutduğu mövqe, onun gündəlik həyatımıza, şəxsi və peşəkar ünsiyyət formalarımıza təsiri geniş təhlil olunub. Aqşin Nəbiyev rəqəmsal marketinqin əhəmiyyətindən bəhs edərək, sosial media platformalarından düzgün, səmərəli və hədəfəyönlü istifadə yollarını praktiki nümunələrlə tələbələrin diqqətinə çatdırıb.

Yüksək fəallıqla keçən görüş interaktiv müzakirələr və canlı fikir mübadiləsi ilə davam edib. Tələbələr onları maraqlandıran sualları spikerə ünvanlayaraq rəqəmsal sahədəki yeniliklər və karyera imkanları barədə dəyərli məlumatlar əldə ediblər.

Tədbirin sonunda tələbələrlə öz zəngin bilik və təcrübəsini bölüşdüyünə, eləcə də dəyərli vaxtını ayırdığına görə marketinq mütəxəssisi Aqşin Nəbiyevə dərin təşəkkür bildirilib.