Oktyabrın 16-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunda 5312.01 – “Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir. Professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda kafedramızın əməkdaşının elmi tədqiqat işinin müzakirəsi aparılmışdır.
Seminarda iddiaçı Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi Abbasova Şəhla Rauf qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yüngül sənaye məmulatlarının istehsalının təşkilinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi dinlənilmişdir.
İclasın əvvəlində Ş.Abbasova tədqiqat işinin aktuallığı, əsas elmi müddəaları, qarşıya qoyulan məqsəd və vəzifələr, həmçinin əldə olunan nəticələr barədə ətraflı təqdimatla çıxış etmişdir. O, yüngül sənaye müəssisələrində istehsal proseslərinin səmərəliliyinin artırılması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində apardığı təhlilləri seminar iştirakçılarının diqqətinə çatdırmışdır.
Təqdimat başa çatdıqdan sonra iş üzrə rəsmi rəyçilərin çıxışları dinlənilmiş, dissertasiyanın elmi-nəzəri və praktiki əhəmiyyəti yüksək qiymətləndirilmişdir. İddiaçı rəyçilərin və seminar üzvlərinin ünvanladığı sualları ətraflı cavablandırmışdır.
Geniş müzakirə mərhələsində çıxış edən seminar üzvləri mövzunun aktuallığını vurğulamış, tədqiqat işinin keyfiyyətinin daha da artırılması ilə bağlı öz fikirlərini, konstruktiv irad və tövsiyələrini bildirmişlər.
Sonda cari prosedura uyğun olaraq gizli səsvermə keçirilmiş və nəticələrə əsasən, Abbasova Şəhla Rauf qızının dissertasiya işi növbəti – müdafiə mərhələsinə tövsiyə olunmuşdur.
Şəhla müəlliməyə növbəti mərhələdə uğurlar arzu edirik!

